ATƏT KİV azadlığı ilə bağlı konfrans keçirir

ATƏT KİV azadlığı ilə bağlı konfrans keçirir
10 May 2017
Mətni dəyiş
Mayın 10-11-də Gürcüstanda ATƏT-in hümayəsilə “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” adlı 14-cü Cənubi Qafqaz konfransı keçirilir.
Turan-ın məlumatına görə, konfrans demək olar ki, ATƏT-in KİV-də təbliğat problemlərinə həsr olunan 2015-ci il Vyana konfransının davamıdır və informasiya məkanında manipulyasiya probleminin dərinləşməsini xarakterizə edir.
“KİV xəbərlərdə dəqiqlik və dürüstlüyü əsas götürməli, təbliğata yol verməməlidir”, - ATƏT-in KİV azadlığı üzrə Bürosunun icraçı direktoru Frane Maroeviç konfransın açılışında bildirib. O qeyd edib ki, konfransın yekunlarına görə təbliğatın qarşısının alınması üçün tövsiyələr təqdim olunacaq.
ATƏT-də sədrlik edən Avstriyanın səfiri Arad Benko deyib ki, tövsiyələr realizasiya mexanizmi ilə möhkəmləndirilməlidir. Məqsəd KİV-in müstəqilliyinin gücləndirilməsi üçün hökumətlə media arasında komminikasiyaya nail olmaqdır.
Avropa Jurnalistlər Federasiyasının vitse-prezidenti Nadejda Ajqixina cəmiyyətdə mətbuata olan inamın möhkəmləndirilməsi üçün federasiyanın üç tövsiyəsini açıqlayıb.
“Hesab edirik ki, jurnalistlər həqiqət prinsipinə əməl etməli, müstəqil olmalı və öz hərəkətləri ilə zərər vurmamalıdır Həmçinin KİV-də və cəmiyyətdə özünütənzimlənməni inkişaf etdirməli, düşmənçilik dilinə qarşı kampaniya aparmalı, araşdırma jurnalistikası təcrübəsini inkişaf etdirməlidir”, - o bildirib.
“Təbliğatın və yalanın çoxluğunun qarşısının alınması üzrə tədbirlərin vacibliyi həm də hökumətlərin jurnalistlərə nəzarət etmək və onların fəaliyyətini yönləndirmək istəyi nəticəsində formalaşan aqressiv mühitin gücləndirilməsindən irəli gəlir”,  - Litva Jurnalistlər İttifaqının rəhbəri Dayniyus Radzeviçiyus bildirib.
Konfrans davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun