Amnesty International: "Məhbusların ölüm işi araşdırılmalıdır"

Amnesty International: "Məhbusların ölüm işi araşdırılmalıdır"
11 May 2017
Mətni dəyiş
"Azərbaycan yaşamaq hüququnu müdafiə etməli və cəzaçəkmə müəssisələrində ölüm hallarını effektiv araşdırmalıdır. Hakimiyyət cəzaçəkmə müəssisələrində ölüm hallarının çevik, müstəqil, effektiv araşdırılmasını təmin etməyə və nəticələri ictimaiyyətə açıqlamağa borcludur".
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının Mahir MustafayevMehman Qələndərovun həbsdə ölməsi ilə bağlı bu gün, mayın 11-də yayılan bəyanatında belə yazılır.
Təşkilat xatırladır ki, 2017-ci il mayın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, Mahir Mustafayevin yaşamaq hüququ pozulub. Hökumət onun qapalı cəzaçəkmə müəssisəsində ölüm şəraitini effektiv araşdırmayıb.
“M.Mustafayev 2006-cı ilin dekabrında öz kamerasında baş vermiş yanğın zamanı aldığı güclü yanıq xəsarətlərindən vəfat edib. Bildirilib ki, işgəncə faktını gizlətmək üçün kameranı nəzarətçilər özləri yandırıblar. M.Mustafayev yanğından 8 saat sonra xəstəxanaya aparılıb. Avropa İnsan Hüquqları Məhkəməsi bu hadisəni hökumətin yaşamaq hüququnu müdafiə etməməsi və yaşamaq hüququnun pozulması kimi qiymətləndirib”.
Təşkilat vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı 2017-ci il aprelin 28-də Kürdəxanı təcridxanasında bloqqer Mehman Qələndərovun öz kamerasında asılmış vəziyyətdə tapılmasından sonra çıxarılıb.
“O, Facebook-da iki vicdan məhbusunu dəstəkləyən status yazdıqdan sonra 2017-ci il fevralın 7-də həbs olunub. Həmin gənclər Bakının mərkəzində Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə, həbs ediliblər. Hakimiyyətin bildirdiyinə görə, M.Qələndərov gecəyarısı, kamera yoldaşı yatarkən özünü asıb. Bir ildən çox həmin təcridxanada saxlanan yerli hüquq müdafiəçisi bildirib ki, belə şey ola bilməz. Şübhə etmirik ki, M.Qələndərov işgəncələrə məruz qalıb. Penitensiar Xidmətin əməkdaşları öncə M.Qələndərovun intihar etməsi barədə məlumatı inkar ediblər, ancaq sonra etiraf ediblər. M.Qələndərov gizli dəfn edilib. Ancaq jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri cəsəd, hələ morqda olarkən onun üzərində xəsarət və qançır izlərini görüblər. Aprelin 30-da prokurorluğun məhkəmə-tibbi ekspertizası özünü öldürmə həddinə çatdırma maddəsi ilə təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, cəsəddə heç bir zorakılıq əlaməti olmayıb. Ancaq boğulma var”, sənəddə bildirilir.
Yeni, müstəqil təhqiqat aparılmalıdır
Bəyanatın sonunda vurğulanır ki, Azərbaycan hakimiyyəti beynəlxalq standartlar çərçivəsində M.Mustafayev və M.Qələndərovun işi üzrə yeni müstəqil təhqiqatın aparılmasına şərait yaratmalıdır.
Amnesty International” vurğulayır ki, müntəzəm olaraq hakimiyyəti tənqid edənlərə qarşı narkotik maddə saxlamaq kimi ittihamlar işə düşür.
“Onların həbsi oxşardır: həbslər və dindirmələr vəkillərin iştirakı olmadan aparılır. İşgəncələr və amansız davranış barədə məlumatlar demək olar ki, heç zaman araşdırılmır. Bu da insan hüquqlarının pozulması və günahkarların cəzasız qalması prosesini möhkəmləndirir”, - bəyanatda vurğulanır.
Azərbaycanın hüquq mühafizə orqanları isə ölkədə işgəncə şikayətlərini qəbul etmirlər. Elə insan hüquqları üzrə müvəkkilin açıqlamaları da güc orqanlarının mövqeyindən bir elə fərqlənmir. Ombudsman Aparatı bir neçə dəfə işgəncəyə məruz qaldığını bildirən gənc fəalları müayinə etdiyini, şikayətin təsdiqini tapmadığını açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun