Almaniyadakı türklərə "ölüm cəzası referendumunda" iştirak imkanı verilməyəcək

Almaniyadakı türklərə "ölüm cəzası referendumunda" iştirak imkanı verilməyəcək
7 May 2017
Mətni dəyiş
"The İndependent" yazır ki, Almaniya hökuməti bu ölkədə yaşayan türklərin Türkiyədə ölüm cəzasının bərpasına dair hər hansı mümkün referendumda səs verməsini qadağan edəcək.
Recep Tayyip Erdoğan ötən ay ona hədsiz hakimiyyət səlahiyyətləri vermiş referendumdan dərhal sonra bildirmişdi ki, o, Türkiyədə ölüm cəzasının bərpası məqsədilə Konstitusiyaya dəyişikliklər təklif edə bilər.
Türkiyədə keçirilmiş 16 aprel referendumunda Almaniyada yaşayan türklər də səs vermişdilər, lakin Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib ki, ölüm cəzasının bərpasını nəzərdə tutan referendumun həm də Almaniya ərazisində keçirləcəyi ağlasığmazdır.
"Mən belə düşünürəm ki, biz belə bir səsvermənin qarşısının alınması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik, - deyib sözçü, - Hər hansı dövlət Almaniya ərazisindəki konsulluq və səfirliklərində səsvermə keçirmək istəyirsə, buna icazə verib-verməmək Almaniya hökumətinin kompetensiyasındadır".
Almaniyada qarşıdan gələn seçkidə Angela Merkelin əsas rəqibi olacaq sosial-demokrat lider Martin Schulz da belə bir mövqeyi dəstəklədiyini bildirib.
"Biz Almaniya ərazisində öz konstitusiyamıza və dəyərlərimizə zidd olan bir alət üçün səsvermə keçirilməsinə icazə verə bilmərik" - deyib Schulz.
"The İndependent" yazır ki, Türkiyə Almaniyadakı 1, 5 milyon türkün səfirliklərdə səs verə bilməsi üçün 1961-ci il Konvensiyasına əl ata bilər.
Türkiyə ölüm cəzasını 2004-cü ildə Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasına şərt kimi ləğv etmişdi.
Erdoğan deyib ki, əgər parlamentdən ölüm cəzasının bərpasına dair təklif gələrsə, o belə bir təklifi dəstəkləyəcək.
Avstriyanın xarici işlər naziri Sebastian Kurz da deyib ki, türklərin bu məsələyə dair referendumda səs verməsinə imkan yaradılmayacaq.
Qərb narahatdır ki, Türkiyə ölüm cəzasını baş tutmamış çevriliş cəhdi ilə bağlı həbs edilmiş minlərlə əsgərə, dövlət qulluqçusu və jurnalistə tətbiq edə bilər.
Avropa İttifaqı və ABŞ Türkiyədə baş tutmamış çevriliş cəhdinin arxasında Amerikada yaşayan müsəlman vaiz Fethullah Gülenin durduğuna dair Ankaranın iddialarını qəbul etmir.
Bununla belə, Almaniya kansleri Angela Merkel, Avropanı insan haqlarına dair narahatlığa baxmayaraq Türkiyəni özündən kənara itələməməyə çağırıb.
"The İndependent" yazır ki, hazırda Almaniyada bu ölkədən sığınacaq istəyən 450 türk diplomat, əsgər, hakim və başqa rəsmi şəxslər var.
Bundan başqa 77 min türk Almaniyadan qorunma istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun