ABŞ və kürdlər İŞİD-lə necə "dil tapıblar"?

ABŞ və kürdlər İŞİD-lə necə "dil tapıblar"?
14 May 2017
Mətni dəyiş
"The İndependent" yazır ki, Suriyada ABŞ tərəfindən dəstəklənən qüvvələrin, özünü İslam Dövləti (İD) adlandıran təşkilatın son istehkamı Raqqa istiqamətində irəliləyişi davam edir, lakin onların cihadçıları geri çəkilməyə necə vadar etdikləri və nə barədə razılığa gəldikləri barədə suallar doğub.
Məqalədə deyilir ki, əksəriyyətini kürdlər təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) aylarla davam edən qanlı döyüşlərdən sonra, minimum itki verərək Tabqa su bəndini və onun yaxınlığındakı aeroportu ələ keçiriblər. Onlar Tabqaya daxil olanda orada artıq İŞİD döyüşçüləri yox idi.
ABŞ Mərkəzi komandanlığı ərazilərin düşməndən alınmasını alqışlayıb, lakin etiraf edib ki, onun müttəfiqləri cihadçıların geri çəkillməsinə nail olmaq üçün onlarla danışıqlara giriblər.
"Bu, ABŞ tərəfindən dəstəklənən Suriya Ərəb Koalisiyasının və SDQ-nin daha bir parlaq qələbəsidir. SDQ bizim ən etibarlı və qabiliyyətli quru qüvvələri müttəfiqimiz olaraq qalır və onların məqsədi öz xalqlarını və torpaqlarını İŞİD-dən azad etməkdir" - deyib polkovnik John Dorrian.
ABŞ komandanlığının sözçüsü bunu da əlavə edib ki, 70-dək İŞİD döyüşçüsü SDQ qüvvələrinin qoyduğu şərtlərə razılaşaraq minaları təmizləmiş və ağır silahları qoyaraq Tabqa şəhərini tərk etmişlər.
ABŞ hərbiyyəsinin nümayəndəsi deyib ki, İŞİD döyüşçülərinin təslim olması üçün danışıqların aparılması zəruri idi, çünki başqa cür dinc əhalini və suriyalıların əsas su və elektrik mənbəyi olan Tabqa su anbarını qoruyub saxlamaq mümkün olmaya bilərdi.
"The İndependent" yazır ki, İŞİD qarşısında qoyulmuş şərtlər açıqlanmır, lakin ABŞ koalisiyası geri çəkilən cihadçıları müşahidə edib, habelə dinc əhali üçün itkisiz ötüşə biləcək yerlərdə hava zərbələri endirib.
Məqalədə deyilir ki, əvvəllər İŞİD-lə prezident Əsəd arasında da müxtəlif ərazilər və neft sahələri barədə müəyyən danışıqlar olub, lakin bu, ABŞ-ın dəstəklədiyi qüvvələrin İD-lə apardığı ilk danışıqlar idi.
Tabqa su anbarı Fərat çayının üstündə, İŞİD-in de facto paytaxtı Raqqanın yaxınlığında yerləşir.
SDQ qüvvələri bildirirlər ki, su anbarının dağılması böyük ekoloji fəlakətlə nəticələnə bilərdi və buna görə də cihadçıları döyüşsüz çəkilməyə sövq etməyə ehtiyac vardı.
Tabqa barədə danışıqlara baxmayaraq, ABŞ-ın dəstəklədiyi SDQ qüvvələri Raqqa üzərinə hücumu davam etdirirlər və İD-in son istehkamının azad edilməsi böyük qətliamla müşayiət oluna bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun