ABŞ təyyarələri Suriyanın "atəşkəs bölgələri" üzərində uça bilməyəcək

ABŞ təyyarələri Suriyanın "atəşkəs bölgələri" üzərində uça bilməyəcək
5 May 2017
Mətni dəyiş
Türkiyə, Rusiya və İran Suriyada dörd "atəşkəs bölgəsi"nin yaradılması barədə protokol imzalayıb. Rusiya bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri "atəşkəs bölgələrinin" üzərində uça bilməyəcək.
Türkiyənin Anadolu Ajansı (AA) atəşkəs bölgələrinin ətrafında "təhlükəsizlik bölgələrinin" qurulmasının nəzərdə tutulduğunu deyir.
Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.
Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.
Atəşkəs zonaları harada olacaq?
Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib:
"Toplantıda atəşkəsin təminatçısı olan ölkələr - Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, Lazkiye, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Guta bölgəsi və Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən atəşkəs bölgələrinin yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır."
Bəyanatda o da deyilir ki, döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək bu Niyyət Protokolunu məmnuniyyətlə qarşılayırıq.
Protokolun imzalanmasından əvvəl prezident Recep Tayyip Erdoğan deyib ki, atəşkəs bölgələrinin yaradılması problemin 50 faizini həll edir.
Erdoğan və Rusiya prezidenti Vladimir Putin, çərşənbə günü Soçidə görüşərək Suriyada atəşkəs zonalarının yaradılması barədə razılığa gəlib.
Liderlərin birgə mətbuat konfransında danışan Putin bildirib ki, bu məsələnin təfərrüatlarına Astanada görüşəcək Suriya hökuməti ilə silahlı müxalif qruplar qərar verməlidir.
O həmçinin qeyd edib ki, bu ideyaya bu həftə telefonda ABŞ Prezidenti Donald Trump da dəstək verib.
Suriya Xarici İşlər Nazirliyi də atəşkəs bölgələri təklifini dəstəklədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun