ABŞ-dan Şimali Koreyanı dəstəkləyən ölkələrə sanksiya xəbərdarlığı

ABŞ-dan Şimali Koreyanı dəstəkləyən ölkələrə sanksiya xəbərdarlığı
17 May 2017
Mətni dəyiş
Şimali Koreyanın 13 mayda həyata keçirdiyi ballistik raket sınağından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası toplanıb.
Abzas.net xəbər verir ki, iclasdan əvvəl jurnalistlərə açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, Şimali Koreyanın ardıcıl olaraq həyata keçirdiyi ballistik reket sınaqlarının bütün ölkələr üçün gerçək təhdid halına gəldiyini söyləyib.
Haley, "Sınaqların tamamilə dayandırılması halında ABŞ Şimali Koreya ilə görüşəcək. Rusiyanın da Şimali Koreyanın raket sınaqlarından narahatlıq duymasına ehtiyac var. Ya Şimali Koreyanı, ya da bizi dəstəkləyərlər. Şimali Koreyaya dəstək verən ölkələrə də sanksiyalar tətbiq edəcəyik", ifadələrindən istifadə edib.
Anadolu Agentliyində yer alan məlumata görə, Şimali Koreyaya iqtisadi, diplomatik və siyasi təzyiq qurulmasının lazım olduğunu vurğulayan Haley, bu ölkəyə güclü bir ortaq mesaj göndərəcəklərini, beynəlxalq cəmiyyətin əslində Şimali Koreyaya yardım etmək istədiyini, ancaq nüvə raket sınaqlarını davam etdirərsə, onların yalnız qalmağa davam edəcəyini qeyd edib.
Rusiya Dövlət Başçısı Vladimir Putinin, "Şimali Koreyanı qorxutmaq yerinə dialoq yollarını açıq tutaraq, böhrana sülh yolu tapmaq lazımdır" şərhi ilə bağlı da qiymətləndirmə edən Haley belə danışıb:
"Şimali Koreyanı qorxutmağa son verək deyilməsi maraqlıdır. Şimali Koreyanın bizi qorxutmasına nə deməli. Raket sınaqlarını Şimali Koreya həyata keçirir və bütün beynəlxalq cəmiyyəti qorxudur, güc nümayişi edir. Rusiya yanılır, onların Şimali Koreyanın sınaqlarından narahatlıq duymasına ehtiyac var . Rusiyanın Şimali Koreyanı, yoxsa beynəlxalq cəmiyyəti dəstəkləmək mövzusunda seçim etməsi lazımdır".
Haley, Şimali Koreyaya yeni sanksiyalar mövzusunda Çin ilə çalışdıqlarını da sözlərinə əlavə edib.
Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Bessho isə Şimali Koreya üzərində təzyiq qurulması lazım olduğunu ifadə edərək, "Dəyişikliyin Şimali Koreyadan gəlməsi lazımdır, biz tərəfdən deyil", - deyə bildirib.
Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Cho Tae-yul isə Şimali Koreyanın nüvə proqramının dayandırılması mövzusunda zamanın azaldığına diqqət çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun