10 may necə xatırlandı: Qiyas və Bayramla, yoxsa Heydər Əliyevlə? [Şərhlər]

10 may necə xatırlandı: Qiyas və Bayramla, yoxsa Heydər Əliyevlə? [Şərhlər]
12 May 2017
Mətni dəyiş
10 may dünyada əsasən Nelson Mandelanın Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçilməsi, İkinci Dünya müharibəsində Vermaxtın Belçika, Niderland və Lüksemburqa soxulması, 2005-ci ildə Corc Buşun Tbilisidəki çıxışı zamanı erməni əsilli şəxs tərəfindən ona qumbara atılması ilə əlamətdardır.
Azərbaycanda da əlamətdar olan 10 may ölkənin 3-cü prezidenti Heydər Əliyevin doğum günü kimi qeyd edilir. 2016-cı il 10 may gününün ilk saatlarında Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı heykəlinin üzərinə "Qul bayramınız mübarək" yazdılar. Daha sonra gənclərin həbs xəbəri çıxdı.
Onlar külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq, satmaq və onu ötürməkdə ittiham olundular. Ayrı-ayrılıqda keçən məhkəmə iclaslarında hakim onların hər birinə 10 il iş kəsdi. Bayram Məmmədov və Qiyas İbrahimov "Gül bayramı" adı altında milyonlarla pulun göyə sovrulmasına, bütpərəstliyə, ailə hakimiyyətinə etiraz olaraq heykəli yazdıqlarını bildirdilər.
Gənclərin özləri və təmsil olunduqları NİDA onların həbsini İlham Əliyevin atasının heykəlinə görə onlardan aldığı qisas kimi dəyərləndirdi.
Bəs insanlar dünən 10 mayı nə günü kimi qeyd etdilər?
10 may sosial şəbəkələrdə əsasən, Qiyas İbrahimov və Bayram Məmmədovun heykəli yazıb həbs edilmələrindən yazırdılar, ya da Heydər Əliyevin doğum gününü yada salıb, keçən il onun heykəlinin yazılmasından yazırdılar.
Dövlət və hökumət rəsmiləri isə Heydər Əliyevin doğum gününü qeyd ediblər.
Abzas.net sosial şəbəkələrdə yazılanları təqdim edir:
Jurnalist Şahvələd Çobanoğlu "Qiyas və Bayramla qürur duyuram" - yazır.
Müsavat başqanı Arif Hacılı da məsələyə toxunaraq gənclərin gördüyü işin çox əhəmiyyətli olmasına diqqət çəkib:
"Bu günün müzakirələri göstərdi ki, Qiyas və Bayramın bir cümləsi cəmiyyət üçün H.Əliyevin həyat və fəaliyyətindən daha önəmlidir" - yazdı.
Siyasi fəal Əbülfəz Qurbanlı da məsələyə toxunub. O, 2009-cu ildən bu günə qədər Gül Bayramının başı bəlalı olduğunu bildirib:
"Bu başı bəlalı gül bayramının bəxti heç gətirmədi. 2009-cu il 30 apreldə ADNA-da terror baş verdi. Biz gənclər o zaman həmyaşıdlarımızın faciəsindən cəmi 10 gün sonra ADNA-nın 50 metrliyində Gül Bayramının keçirilməsinə etiraza başladıq, matəm tələb etdik. Həmin il bu bayram alınmadı. Növbəti illərdə - 2010, 2011-ci illərdə etirazlar davam etdi. Və nəhayət, Azərbaycanın parlaq gəncləri Qiyas və Bayram Gül Bayramına nöqtə qoydu. Üstəlik, əlahəzrət böhran. Bu gün onların günüdür! Bu gün 2009-cu ilin 10 mayında polislə çarpışan rəhmətlik Nərgiz Yaqublunun günüdür. İlkin Rüstəmzadənin günüdür. Bir sözlə, gül kimi gənclərimizin günüdür".
Millət Vəkili Qənirə Paşayeva öz Twitter hesabında Heydər Əliyevin doğum gününü təbrik edib:
"Ümumilli liderimiz, xalqımız, dövlətimizin həyatında müstəsna xidmətləri olan Heydər Əliyevin doğum günüdür. Nur içində yatsın".
Jurnalist Xədicə İsmayıl da məsələyə diqqət çəkib. O, Qiyas İbrahimin və Bayram Məmmədovun heykəli yazmasından sonra, bayramın təmtəraqla qeyd edilmədiyinə diqqət çəkdi.
"Qiyas və Bayram elə elədi ki, gül bayramı keçirməyə qorxurlar. Sağ olsunlar!" - yazıb.
AXCP sədri Əli Kərimli də 10 mayla bağlı yazıb. O qeyd edib ki, gənclər bir günün içində "Gül bayramını" "Qul bayramına" çevirməyi bacardılar.
"Bu gün bir gecənin içində “Gül bayramı”nı “Qul bayramı”na çevirməyi bacarmış oğulların - Qiyas və Bayramın günüdür. Baxın, bu gün sosial şəbəkələrdə ən çox kimdən, nədən yazırlar? Xalqımıza 100 milyonlara başa gəlmiş uydurma “Gül bayramı” heç indidən yada düşmür. Qiyas və Bayramın cəsarətini isə hər kəs xatırlayır. Heç olmasa indi bu mənzərəyə baxıb anlasınlar ki, Qiyas İbrahimov və Bayram Məmmədovu 10 il müddətində azadlıqdan məhrum etməklə nə qədər səhv ediblər".
Millət vəkili Aydın MirzəzadəPrezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov isə Heydər Əliyevin doğum gününü təbrik ediblər.
Novruz Məmmədov: "Mayın 10-u yeni Azərbaycanın qurucusu, bəşər tarixinin görkəmli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevi xüsusi ehtiram və sevgi ilə yad edir! İstəyim budur ki, vətənini sevən hər bir kəs dahi liderimizin bizə miras buraxdığı Azərbaycanı göz bəbəyi kimi qorusun".
Beləliklə, 10 may bitdi...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun