Türkiyəylə Avropa Məhkəməsi niyə toqquşa bilər

Türkiyəylə Avropa Məhkəməsi niyə toqquşa bilər
3 Aprel 2017
Mətni dəyiş
Türkiyədə ötən ilin iyulundakı çevriliş cəhdindən sonra on minlərlə insan hələ də məhkəməsini gözləyir. "The Financial Times" qəzeti onlardan biri, jurnalist, prezident Recep Tayyip Erdoğan-ın sərt tənqidçilərindən olan Ahmet Altan-ın işindən yazır.
Ahmet Altan 200 gündür saxlanıb. Bircə gün buraxılıb, hökuməti tənqid etdikdən sonra yenidən həbsə atılıb. Vəkilləri ona açılmış cinayət işinin ayrıntılarını öyrənməyə çalışırlar. Amma çifayda, nə ittihamnamə, nə də onun terrorçu təşkilata üzvlüyünə dair rəsmi ittihamları sübut edən istintaq materiallarını əldə edə bilmirlər. Di gəl, hökumətyönlü qəzetlər vəkillərin əldə edə bilmədikləri sənədlərdən bəzi hissələri yayıblar. Bu da vəkillərə imkan verib ki, ikinci əl sənədlər əsasında müdafiə işi qursunlar.
100 MİNƏDƏK İŞƏ BAXILMALIDIR
Artıq vəkillər onun işini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) də çıxara biliblər. Bu da Altan-ın işini beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirmiş olub.
"Bu da ölkənin hüquq sistemi uğursuz çevriliş cəhdindən sonrakı fövqəladə rejim altında əzilərkən, minlərlə türkü təsirinə almış hüquqi bataqlığı gün işığına çıxarmış oldu. Beləliklə, Türkiyə və Avropa İnsan Hüquqları Məhkəməsi toqquşma nöqtəsinə gəlib. Məhkəmə Türkiyədən daha 4 şikayətə baxacağını bildirib. Mübahisə Altan-ın müdafiə komandasının ölkə içində bütün variantları tükətməsiylə bağlıdır. Axı, Türkiyə Konstitusiya Məhkəməsi çevriliş cəhdindən bəri heç bir qərar çıxarmayıb və jurnalistin şikayətinə baxmaqdan ötrü vaxt da qoymayıb. Vəkillər buna dayanaraq iddia edirlər ki, AİHM Konstitusiya Məhkəməsinin qərarını gözləmədən işə baxa bilər. Ankara isə israr edir ki, məsələ belə deyil. Amma hazırda Konstitusiya Məhkəməsi 100 minədək şikayətə baxmalıdır. Məhkəmənin iki hakimi də ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə şübhəli bilinərək işdən çıxarılıb", – məqalədə oxuyuruq.
Qeyd edək ki, Ankara iyul çevriliş cəhdinin arxasında Gülen-in durduğunu deyir, ilahiyyatçı bunu danır.
[caption id="attachment_9084" align="alignnone" width="1920"] Ahmet Altan[/caption]
HÜQUQİ BÖHRAN YARANAR
"Türkiyə məhkəməsi müştərimizin işini hüquqi baxımdan səmərəli və təcili həll edə bilməz", – Altan-ın müdafiə komandasının rəhbəri Veysel Ok qəzetə deyir. Onun sözlərinə görə, müştəriləri 5 aydan çoxdur istintaq altındadır, amma ona qarşı yazılı və şifahi qeydlərdən başqa dəlil yoxdur.
AİHM Altan-ın buraxılması barədə qərar çıxararsa, bu, tərəflər arasında hüquqi böhran yaradar. Belə bir xəbərdarlıqla Türkiyə rəsmiləri çıxış ediblər. "Onlar yurisdiksiyalarını aşmış olarlar və bu qərar bizdən ötrü heç bir məna verməz", – Türkiyənin baş naziri Binali Yıldırım bu yaxınlarda jurnalistlərə deyib.
Türkiyə Avropa Şurasının üzvüdür və Avropa Məhkəməsinin qərarlarına əməl etməlidir.
Avropa Məhkəməsi Yıldırım-ın dediklərini şərh etməyib.
"ANKARA BUNDAN MƏYUS OLAR"
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ "The Financial Times"a deyib ki, AİHM türkiyəli məhbusların şikayətini təmin etsə, Ankara bundan xeyli məyus olar.
"Məhkəmə Türkiyəylə bağlı mövcud qaydalara əməl etməzsə, bu, məhkəməyə inamı əngəlləyə bilər", – deyən nazirin fikrincə, Avropa Məhkəməsinin Türkiyə daxilində məhkəmə prosesini idarə etmək səlahiyyəti yoxdur.
Amma digər yüksəkprofilli işlər üzrə vəkillər də AİHM-ə müraciət ediblər. Məsələn, ölkənin ən böyük kürdpərəst partiyasının rəhbəri Selahattin Demirtaş-ın vəkilləri də bu sıradadır. Onlar məhkəmənin presedent qərar çıxarmasını istəyirlər. Elə bir presedent ki, Türkiyə vətəndaşlarının Avropa Məhkəməsinə getməsindən ötrü Konstitusiya Məhkəməsi qərar çıxarsın.
AİHM hələ Altan-ın şikayətinə baxacağı tarixi açıqlamayıb. Amma onun, eləcə də yazar qardaşının işinə sürətlə baxacağını bildirib. Altan-ı dindirmiş polis onun çevriliş cəhdi barədə şüuraltı mesaj göndərdiyini, prezidenti hədələdiyini iddia edir.
Dəlil kimi jurnalistin çevriliş cəhdindən öncəki gecə televiziya çıxışını göstərirlər. O, Erdoğan-ın iki il sonra keçiriləcək seçkini uduzacağını deyib. Vəkilləri isə konstitusiyanın ifadə azadlığını qoruduğunu vurğulayırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun