Şikayətçiləri Ramil Usubovun qəbuluna buraxmırlar

Vətəndaşları daxili işlər naziri Ramil Usubovun qəbuluna buraxmayıblar.
Bu barədə Meydan.tv-yə məlumat verən vəkil Elnur Quliyev deyib ki, dəfələrlə nazirin qəbuluna yazılmağa cəhd etsələr də, buna imkan verilməyib:
“Nazir bu gün Göyçayda vətəndaşları qəbul edirdi. Müvəkkilim Əhməd Yusifovun anası Həqiqət Yusifova və digər müvəkkilim Qasım Qasımovun anası Qətibə İbrahimova ilə birgə qəbula yazılmaq istədik. Həmin şəxslər Mingəçevir şəhərində yaşayır və orada qeydiyyatdadırlar. Qaydaya görə, nazir Göyçay və ətraf rayonlardan vətəndaşları qəbul etməlidir. Biz Mingəçevir şəhər Polis İdarəsinə getdik, lakin bizi qəbula yazmadılar. Daha sonra Göyçaya getdik. Göyçay rayon Polis İdarəsindən isə dedilər ki, qeydiyyatda olduğunuz rayonda qəbula yazılmalısınız”.
E. Quliyev deyir ki, dəfələrlə nazirə müraciət ediblər, lakin faydası olmayıb:
“Biz istəyirik, nazir bizi qəbul etsin, dərdimizi dinləsin, başqa istəyimiz yoxdur”.
Əhməd Yusifov və Qasım Qasımov Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Kənan İsmayılovun 10.01.2017-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitə saxlama) maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunub və cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.
Verilmiş ittihama görə, Əhməd Yusifov və Qasım Qasımov 08.01.2017-ci il tarixdə yerdən tapdıqları siqaretin gümüşü ağ rəngli kağız bükümündə təmiz həşiş qətranının satış məqsədi olmadan gizldərək saxlayıblar, həmin həşiş qətranı Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsində onların üzərinə şəxsi-axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülüb.
Vəkil E.Quliyev ittihamın əsassız olduğunu iddia edir. Bildirir ki, hər iki şəxs polis idarəsində döyülüb və işgəncəyə məruz qalıb.