Serbiyada baş nazir Aleksandr Vuçiç ölkənin prezidenti seçilib

Serbiyada baş nazir Aleksandr Vuçiç ölkənin prezidenti seçilib
3 Aprel 2017
Mətni dəyiş
İlkin nəticələrə görə Serbiyanın baş naziri Aleksandr Vuçiç prezident seçkilərində qələbə qazanıb.
Cənab Vuçiçin bazar günü keçirilən seçkilərdə yığılan bülletenlərin indiyədək sayılan əksər hissəsinin 55 faizini qazandığı bildirilir. Yekun nəticələrdə bu rəqəm onun birbaşa, seçkinin ikinci mərhələsi keçirilmədən prezident olmasına kifayətdir.
Ona ən yaxın olan rəqibi, Sasa Jankoviç səslərin 15 faizini qazanıb. Satirik namizəd Lyubisa Preletaçeviç isə 9 faiz səslə üçüncü yerdədir.
Cənab Vuçiç Avropa İttifaqının (Aİ) tərəfdarıdır, lakin rəqibləri onun seçkilərdən istifadə edərək hakimiyyətdə qüvvəsini artırmaq niyyətində olduğunu iddia edirlər.
Cənab Vuçiç ona səs verənlərin onun Aİ-yə üzv olmaq siyasətini dəstəklədiklərini və eyni zamanda Serbiyanın müttəfiqləri Rusiya və Çinlə əməkdaşlığa davam etmək istədiklərini deyib.
Aleksandr Vuçiç onun millətçi Aİ yönümlü Mütərrəqi partiyasının 2014-cü ildə keçirilən parlament seçkilərində qazandığı böyük gələbədən sonra baş nazir olub.
Bundan əvvəl o, radikal serb millətçisi və sabiq Serbiya prezidenti Slobodan Miloseviçin hakimiyyətində vəzifədə olub.
Lakin 2008-ci ildə o, Radikal partiyanı tərk edərək Mütərrəqqi partiyasını təsis edib və beləliklə, millətçi keçmişi ilə əlaqəsini kəsib.
"Mən dəyişdiyimi gizlətmirəm... mən bununla fəxr edirəm", o, AFP xəbət agentliyinə 2012-ci ildə deyib.
Lakin o, keçmişindən tamamilə uzaqlaşa bilməyib.
2015-ci ildə o, Srebrenitsa qətliamınını 20-ci il dönümünü qeyd edən tədbirə yığılan izdihamın ona qarşı etirazları səbəbindən tədbiri tərk etməli olub.
Srebrenitsa qətliamında serb qüvvələri 8 min bosniyalı müsəlmanı qətlə yetirib.
O zaman cənab Vuçiç millət vəkili olub və qətliamın törədilməsindən bir neçə gün sonra deyib ki, "siz bir serb öldürsəniz biz 100 müsəlman öldürəcəyik".
Lakin son illər ərzində o, iki tərəf arasında sülh çağırışları edib və Srebrenitsa qətlimını qeyd edən tədbiri tərk etməyə məcbur edildikdən bir neçə ay sonra ora qayıdaraq həlak olanları anıb.
İndiyədək Serbiyada prezidentin rolu zəif olub, lakin cənab Vuçiçlə prezidentin ölkə siyasətinə təsiri artacağı deyilir.
Lakin o, bu iddiaları rədd edib: "Onlar istədiklərini deyə bilərlər. Mən Serbiyanın konstitusiyasına hörmət edəcəyəm. Bu mənim öhdəliyimdir və mən bunu edəcəyəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun