Şahmar Mövsümov: "EİTİ Azərbaycana qarşı ikili standartları dəyişsə..."

Şahmar Mövsümov: "EİTİ Azərbaycana qarşı ikili standartları dəyişsə..."
18 Aprel 2017
Mətni dəyiş
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (The Extractive Industries Transparency Initiative - EITI) Azərbaycana qarşı ikili standartlarını dəyişsə, Azərbaycan təşkilata qoşulmaq məsələsinə baxa bilər, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nümayəndəsi bəyan edib.
ARDNF-un icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, Azərbaycan bu təşkilatdan çıxsa da hasilatla bağlı məlumatları gizlətməyəcək və hesabatlılığa davam edəcək.
Cənab Mövsümovun sözlərinə görə, Azərbaycanın EİTİ-dan çıxması təşkilatın ölkəyə qarşı "ikili standartları və qərəzli mövqe nümayiş etdirməsi" olub.
Qurum sözçüsü onu da qeyd edib ki, bu təşkilatdan çıxmaq Azərbaycanın kredit cəlb etməsinə problem yaratmayıb və ölkənin kredit reytinqinə təsiri olmayıb.
"Bütün maliyyə mənbələrindən, o cümlədən özəl təşkilatlardan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar vəsait cəlb edilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnkişafı Bankı tərəfindən maliyyələşmə ehtiyacları təmin edilib", o bildirib.
Bu ilin martında Azərbaycanın EİTİ-də fəaliyyəti müvəqqəti olaraq dondurulub. Bundan sonra EİTİ-ın 14 illik üzvü olan Azərbaycan qurumdan çıxdığı barədə bəyanat verib.
Bundan sonra prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması barədə göstəriş verib.
Çərşənbə günü bu komissiyanın ilk iclası baş tutub, komissiyaya sədrlik edən cənab Mövsümov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iclas zamanı komissiyanın əsas prinsipləri, inklüzivlik, yəni bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi və müstəqil auditorun seçilməsi məsələləri müzakirə edilib.
Şahmar Mövsümov komissiyanın fəaliyyətində qeyri hökumət təşkilatçıları, müstəqil ekspertlər və məsələdə maraqlı diplomatik korpuslarla iş birliyi edəcəyini deyib.
Bundan başqa ARDNF sözçüsü Fondun bu ilin birinci rübü üzrə büdcə gəlirlərinin 3 mlrd. 272,5 milyon manat, büdcə xərclərinin isə 3 milyard 847,5 milyon manat təşkil etdiyini qeyd edib.
O, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də bu il sonlanacağını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun