Səməd Vurğun, yoxsa Rəsul Rza? - Seymur Baycan

Səməd Vurğun, yoxsa Rəsul Rza? - Seymur Baycan
25 Aprel 2017
Mətni dəyiş
Seymur Baycan
Arada müxtəlif cürə yazı-pozu, ədəbiyyat adamlarını sorğuya çəkirlər. Sorğuda da belə suallar olur; ““Molla Nəsrəddin”, yoxsa “Füyuzat””;  “Folkner, yoxsa Heminquey?”, “Sartr, yoxsa Kamü?”, “Dostoyevski, yoxsa Tolstoy?”, “Səməd Vurğun, yoxsa Rəsul Rza?”
Bu suallar içərisində bizim ədəbiyyat adamlarını ən çətin vəziyyətə salan “Səməd Vurğun, yoxsa Rəsul Rza” sualıdır. “Dostoyevski, yoxsa Tolstoy?” sualına cavab vermək “Səməd Vurğun, yoxsa Resul Rza?” sualına cavab verməkdən xeyli asandır.
Ona görə ki, “Dostoyevski yoxsa Tolstoy?” sualına cavab verərkən istədiyin kimi danışıb olan və olmayan biliyini nümayiş etdirə, hər cür hoqqabazlıq edə bilərsən. “Səməd Vurğun, yoxsa Rəsul Rza?”sualına cavab verdikdə isə mütləq ehtiyyatlı olmalısan, siyasət işlətməlisən. Niyə? Məsələn, tutaq ki, sorğuya çəkilən adam üzü Gəncədən o tərəfdə dünyaya gəlib. Həm də büdcədən maliyyələşən hansısa qəzetdə, jurnalda, təşkilatda işləyir. Əlbəttə onun üçün “Səməd Vurğun, yoxsa Rəsul Rza?” sualına cavab vermək asan olmayacaq. Ürək istəyir ki, Səməd Vurğun desin. Amma ürəyin istəməyi ilə deyil. Hər zaman ürəyin istəyi ilə oturub-dursan həyatda yerin olmaz. Reallıq Rəsul Rza deməyi tələb edir. Əgər adam Səməd Vurğun cavabı versə bu cavab Anar Rzayevin xoşuna gəlməyəcək. Anar Rzayev hərlədib-fırladıb həmin adamdan qisasını alacaq. Ona başa salacaq ki, Rəsul Rza, Səməd Vurğundan böyük şairdir. Anar Rzayev hətta küçədə gedərkən balaca bir uşağın dilindən atası haqqında nəsə mənfi bir söz eşitsə hərlədib-fırladıb o uşaqdan qisasını alar. Özü də elə alar ki, bu qisas başqasına qisas kimi görünməz. Bir növ yaxşı əməl, əsl ziyalı mövqeyi kimi görünər.
Deməli, büdəcədən maliyyələşən hər hansı jurnalda, qəzetdə, qurumda işləyən adam “Səməd Vurğun, yoxsa Rəsul Rza?” sualına cavab verərkən siyasətcil olmalıdır. Ürəyə yox, Makiavelliyə istinad etməlidir. Əks təqdirdə adam işindən ola bilər, adi təqaüd siyahısına düşməz və sair və ilaxır. İndi isə gəlin “Səməd Vurğun yoxsa, Rəsul Rza?” sualına ədalətli cavab verməyə çalışaq.
[caption id="attachment_32313" align="alignnone" width="1023"] Səməd Vurğun[/caption]
Hər ikisinin bioqrafiyası kifayət qədər ləkəlidir. Hər ikisi yaşadığı quruluşa, bu qurulun rəhbərlərinə mədhiyyələr deyiblər və yazıblar. Hər ikisi sovet dövründə dövlət tərəfindən kifayət qədər qayğı görüblər. Medal alıblar, mükafat alıblar, əsərləri yüksək tirajla nəşr olunub. Hər ikisi bəsdir deyincə yalanlar danışıblar. Lakin bununla belə bu iki adamın arasında müəyyən fərqliliklər olubdur. Əvvala Səməd Vurğun istedadlı adam idi. Rəsul Rzada itedadın işartısı belə görünmür. Səməd Vurğun əlbəttə ki, quruluşun şairi olmaqla bərabər, həm də xalq tərəfindən sevilirdi. Bir növ xalq adamı idi. Rəsul Rza isə heç vaxt xalq tərəfindən sevilməyib. Səməd Vurğunun şeirlərini xalq əzbərləyib, Rəsul Rzanın şeirlərini isə xalq əzbərləməyib. Əzbərləyibsə də ancaq dərsdə qiymət almaq üçün əzbərləyib.
Gələk əsas məsələyə. Ümumiyyətlə, insanın dilemma qarşısında qalması çox acınacaqlı haldır. İnsan dilemma qarşısında qalanda çox pis eybəcərliklər çıxır ortaya. Həmişə Cəfər Cabbarlının, Mirzə Cəlilin repressiya illərinə qədər ölməsinə sevinmişəm. Allahın sevimli bəndələri imişlər. Sağ qalsaydılar çox pis hadisələr baş verəcəkdi. Təsəvvür edin repressiya illərinə qədər ölən adamlara sağ qalanlar qibtə edirdilər. Ki, urvatlı öldülər. Demə əbəs yerə onlara yas saxlamışıq. Əbəs yerə kədərləmişişik ki, bu dünyadan vaxtsız getdilər. Demə elə əsl vaxtında gediblər. Qaydasında, ədəb-ərkanla onlara yas tutulub, ehsan verilib, haqqlarında nekroloq yazılıb....
Repressiya illəri… Oturmusan evdə. Hər qapı döyüləndə o dünyanı görüb qayıdırsan. Qəzetdə haqqında bir mənfi cümlənin yazılması bu deməkdir ki, sən artıq gedər gəlməzə göndərməyə hazırlayırlar.
Onu aparırlar, bunu aparırlar. Onu güllələyirlər, bunu güllələyirlər. Dünən çörək kəsdiyin, normal münasibətdə olduğun adam haqqında bu gün ifşaedici, təhqirlərlə, yalanlara dolu məqalə yazmalısan. Üzünə durmalısan. Üstünə şər atmalısan. Şəxsiyyətini tamam itirməlisən. Kütləvi qorxu mühiti hamını əldən salıb. Hamı dəli olub. Düzdü fürsətdən, vəziyyətdən istifadə edib nifrət bəslədiyi, istedadını həzm edə bilmədiyi adamlardan donos yazanlar da olub. Hətta qonşusunun evini ələ keçirmək üçün donos yazanlar da varmış. Biz burada dilemma qarşısında qalıb şəxsiyyətini itirənlərdən danışırıq. Təsəvvür et ki, dostuq münasibətində olduğun adamı güllələyirlər sən isə ona yas saxlaya, kədərini açıq ifadə edə bilməzsən. Nekroloq yazmaqda isə söhbət belə gedə bilməz. Adam o dövrə aid mətinləri oxuyanda dəhşətə gəlir. Dəhşətli illərdi. İndi görün bir tarixçi nə qədər tərbiyəsiz, əxlaqsız olmalıdır ki, bütün bunları bilə-bilə Stalinin yaratdığı iyrənc bir təşkilatın üzvü olmalıdı, o təşkilatı və onun başında duran adamı müdafiə etməlidi.
[caption id="attachment_32318" align="alignnone" width="1023"] Rəsul Rza[/caption]
Görəsən axı hansı dildə, necə, daha nələr yazmaq olar ki, adamlar bir tarixçinin sovetdən qalma təşkilata üzv olmasının nə demək olduğunu başa düşsün. Camaat elə bilir ki, avarayam, işim-gücüm yoxdu. Elə bilirlər ki, mırt-zad tuturam. Həyatımda bu tipi də gördüm. Belə qıraqdan danışıb-eləyən olsaydı inanmazdım. Nəsə...
Repressiya illərində sağ qalıb, həm də ləkələnməmək demək olar ki, mümkün deyildi. Bu mənada dövrün şərtlərini nəzərə alıb həm Səməd Vurğunun, həm də Rəsul Rzanın ləkəli olmasını hardasa qəbul etmək məcburiyyətindəyik. Əlacımız yoxdur. Lakin burda bir incə nüans var. Məhz bu nüansa istinad edərək “Səməd Vurğun, yoxsa Rəsul Rza?” sualına ədalətli cavab verə bilərik. Biri var şərtlər insanı pis edir, biri də var adam tebiətcə pisdi. Bunlar başqa-başqa şeylərdi. Səməd Vurğun dilemma qarşısında qalaraq eybəcərləşən, eybəcərləşməyə məcbur olan adamalrdan biri idi. Əgər dövrün iyrənc şərtləri olmasaydı zənnimcə o daha normal bir insan ola bilərdi. Rəsul Rza isə təbiətcə eybəcər insan idi. O istənilən dövrdə, istənilən şərtlərdə öz təbiətini ortaya qoyacaqdı.
Ele adamlar var ki, onların tebiətini öyrənmək üçün çox da əziyyət çəkməyə ehtiyac yaranmır. Sifətlərinə baxan kimi hər şey aydın olur. Bir çox insanın daxili dünyası sifətlərində birbaşa əks olunur. Rəsul Rza təbiəti sifətinə yazılmış adamlardandı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun