Rza Zərrabın türk tərəfdaşı Nyu York aeroportunda həbs edildi

Rza Zərrabın türk tərəfdaşı Nyu York aeroportunda həbs edildi
1 Aprel 2017
Mətni dəyiş
ABŞ hüquq-mühafizə orqanları Türkiyədə dövlət bankının aparıcı əməkdaşlarından birini Amerikanın İrana qarşı sanksiyalarını pozduğuna görə həbs edib.
"Halkbank"-ın baş menecer müavini Mehmet Hakan Atilla qızıl alverçisi Rza Zərrabla əməkdaşlıq edərək İranın sanksiyalardan yayınmasına yardım göstərib.
Nyu Yorkun JFK aeroportunda həbs edildikdən bir gün sonra 47 yaşlı Atilla Manhattan hakimi Ceymz Fransisin qarşısına çıxarılıb. O, milyonlarla dollar həcmində qeyri-qanuni tranzaksiyalar həyata keçirməkdə günahlandırılır.
Atillanın özünə vəkil tutub-tutmadığı aydın deyil. Lakin o, federal məhbəsdə qalacaq.
ABŞ-ın Rza Zərraba qarşı hüquqi addımları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tənqidlə qarşılanıb.
Atilla həbs olunan gün məlum olub ki, hazırda ABŞ-da həbsdə olan Zərrab Nyu York şəhərinin sabiq meri və Prezident Donald Trampın yaxın sirdaşı Rudolf Culiani və sabiq ABŞ prokuroru Maykl Mukeysini özünə vəkil tutub.
[caption id="attachment_29998" align="alignnone" width="650"] Milyoner Rza Zərrab sevgilisi, məşhur müğənni Ebru Gündeşlə[/caption]
Cinayət işinə əsasən, Atilla Zərrabla birgə 2010-2015-ci illər arasında İranı türk bankı vasitəsilə valyuta və qızılla təchiz edib. Onlar ABŞ banklarını aldatmaq üçün qondarma şirkətlərdən və saxta sənədlərdən istifadə ediblər. Zərrab və Atilla İranla bağlı əməliyyatları sanksiyalara tabe tutulmayan ərzaq sövdələşməsi kimi təqdim ediblər.
"ABŞ sanksiyaları sıradan bir xahiş, yaxud tövsiyə deyil. Onlar qanundur!” ABŞ prokuroru Cun Kim Manhattanda yazılı bəyanatda bildirib.
Rza Zərrab ötən il Amerikanın Florida ştatına səyahət edərkən həbs olunub. Əgər məhkum edilərsə, onu və Atillanı 20 ildən 30 ilədək həbs cəzaları gözləyir.
Cümə axşamı Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ Dövlət Katibi Reks Tillersonla görüşdə Zərrabın həbsinə etiraz edib.
"Halkbank" Türkiyənin beşinci ən iri bankı hesab edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun