Rusiya "dünyanın ən böyük təyyarədaşıyanını" tikəcək

Rusiya "dünyanın ən böyük təyyarədaşıyanını" tikəcək
25 Aprel 2017
Mətni dəyiş
"The Daily Mail" yazır ki, Rusiya "dünyanın ən böyük təyyarədaşıyan gəmisini tikmək" planlarını bəyan edib.
Moskva bildirir ki, bu gəmi ABŞ-ın Nimitz markasından olan gəmilərini "kölgədə qoymalıdır".
Məqalədə deyilir ki, "layihə 23E000E" kimi tanınan Ştorm adlı gəmi 2030-cu ilədək istismara verilməlidir və onun tikilməsi 17, 5 milyard dollara başa gələcək.
Bu da xəbər verilir ki, Ştorm tipli gəmilər nüvə reaktorları ilə hərəkət edəcək və yenicə layihələnmiş T-50-lər də daxil 90-dək təyyarəni göyərtəsinə ala biləcək.
Lakin "The Mail" yazır ki, Kremlin "dünyanın ən böyük gəmisi" iddialarına baxmayaraq bu gəminin təxminən Nimitz tipli gəmilərlə eyni göstəricilərə malik olacağı düşünülür.
Məqalədə deyilir ki, Rusiya mediasının professor Vadim Kozyulin kimi təqdim etdiyi ekspert yeni gəminin dizaynının ABŞ-ın Gerald R Ford təyyarədaşıyanından "əxz olunduğunu" etiraf edib.
Kozyulin deyib ki, Ruysiyanın yeni təyyarədaşıyanı "üzən aeroport" olacaq.
4 min dənizçisi olan bu gəminin ölçüsü üç stadion boyda olmalıdır.
Katapult start sistemi yeni gəmiyə Amerika ekvilanetləri kimi 1 dəqiqədə üç təyyarə buraxmaq imkanı verəcək. Hazırda Rusiya təyyarədaşıyanı 1 dəqiqəyə bir təyyarə buraxa bilir.
Yeni təyyarədaşıyan gəmidə MiG-29K qırıcıları, habelə dəniz modifikasiyalı Suxoy PAK FA təyyaraləri yerləşdiriləcək. Bu təyyarələrin başqa bir adı da T-50-dir.
Yeni təyyarədaşıyanın tikilməsi gəmiçilik müəssisəsinə 6, 1 milyard dollarla 17, 5 milyard dollar arasında məbləğə başa gələcək, hərçənd real qiymətin daha yüksək ola biləcəyi söylənir. Beləki bu cür təyyarədaşıyan gəmini tikmək üçün lazım olan infrastruktur yaradılmalıdır.
Hazırda Rusiyanın cəmi bir təyyarədaşıyanı var. Sovet istehsallı Admiral Kuznetsov 1985-ci ildə tikilib.
Bu gəmiyə cəmi 30 təyyarə və 1700 nəfərlik heyət yerləşdirmək olur və onu buxar mühərriki hərəkətə gətirir.
Müqayisə üçün qeyd edilir ki, Amerikanın Nimitz gəmisində 90 təyyarə və helikopter, habelə 5 minədək hərbçi yerləşir.
Bu gəmilər o qədər böyükdür ki, onlara ayrıca poçt kodu verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun