"Pedro Agramunt AŞPA-da etibarını itirib" - Gerald Knaus

"Pedro Agramunt AŞPA-da etibarını itirib" - Gerald Knaus
30 Aprel 2017
Mətni dəyiş
Strasburqda Avropa Şurası Parlament Assambleyasının bürosu AŞPA-da korrupsiyanın araşdırılması üzrə orqanın səlahiyyətlər dairəsini təsdiq edib. Korrupsiya faktları arasında Azərbaycan nümayəndələrinin italiyalı deputat Luca Volonte-yə rəsmi Bakının maraqlarını təmsil etmək üçün 2,9 mln. avro verməsi haqqında qalmaqal da yer alır.
Korrupsiyanın araşdırılmasında instrumental rol oynayan Avropa Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Parlament Assambleyasında müstəqil təhqiqatın aparılması üçün qurumun qarşılaşdığı təzyiqlər və korrupsiya ittihamları və AŞPA sədri Pedro Agramunt-un istefası çağırışları haqda danışıb.
Siz bu səylərdən razısınızmı?
- Qeyd etməliyik ki, bu presedenti olmayan bir addımdır, tarixi bir addımdır. Ona görə ki, Assambleya bu mərhələdə özü etibarlı təhqiqat apara bilmədiyini etiraf etdi. Büro və bir çox üzvlər müstəqil təhqiqat aparılması üçün təzyiq göstərdi. Buna böyük müqavimət göstərilirdi. Amma daha çox insan bunun Avropa Şurasının legitimliyinin müdafiəsi və etibarlılığı üçün çox mühüm olduğunu düşünürdü. Və uzun mübarizədən, gecikmələrdən və prosessual “hiylələrdən” sonra nəhayət şəffaflıq istəyən insanlar bu həftə qələbə çaldılar. İndi əsas məsələ odur ki, təhqiqata rəhbərlik etmək üçün düzgün insanlar seçilsin. Əgər bu belədirsə, biz əmin ola bilərik ki, AŞPA nəhayət korrupsiya məsələsi ilə ciddi məşğul olacaq.
- AŞPA prezidenti Pedro Agramunt Azərbaycan hökuməti ilə yaxın əlaqələrilə tanınır. O, Azərbaycanda insan hüquqlarının durumuna dair müsbət hesabatın hazırlanmasında iştirak edib. Siz onun liderliyinə etibar edirsinizmi?
- Mənim Pedro Agramunt-un rəhbərliyinə heç bir etimadım yoxdur. Amma bundan daha mühüm odur ki, Parlament Assambleyasının bir sıra üzvləri ona etibar etmir. Mən bilirəm ki, çox sayda partiya qrupları da artıq onun istefasına çağırıb. Burada iki qalmaqal var. Fikrimcə, bunlardan biri onun korrupsiya ittihamları irəli sürüləndə davranışı ilə bağlıdır. O, güclü və etibarlı təhqiqat aparılması üçün təzyiq göstərməyib. O əslində bunu etmək kimi bir məsuliyyət daşıyır. Çünki o, parlamentarilərin davranış kodeksinin qarantıdır. Amma ona başqaları tərəfindən təzyiq göstərilməsi lazım oldu. Bu da çox qəribədir və ona işarə edir ki, o, iddiaların araşdırılmasında maraqlı deyildi.
İkincisi isə o, bir neçə həftə bundan əvvəl mart ayında Suriya hokumətinin dəvəti ilə Rusiya nümayəndə heyətinin tərkibində Suriya prezidenti Bashar Assad-lə görüşmək üçün Dəməşqə gedib. Və Parlament Assambleyasının şəxsi maraqlar naminə nüfuzdan istifadə və korrupsiyanın araşdırılmasına dair bütün səylərin qarşısını alan daha iki üzvü ilə səfər edib. Onlardan biri ispaniyalı, digəri isə belçikaçılıdır. Özü də o bu haqda Parlament Assambleyasına bir söz deməyib.
Pedro Agramunt Assambleya ilə Rusiyanın nə zaman qayıda bilməsi şərtləri məsələsində bir mövqe nümayiş etdirməli olduğu bir vaxt Dəməşqdə Rusiyanın ultra-sağçı siyasi fiqurları ilə nə edirdi? Və o nə üçün prezident Assad ilə görüşməli idi? Parlament Assambleyasında çox adam indi bu sualları verir. Biz keçən həftə presedenti olmayan bir şey gördük. Bu az qala üsyan idi. İnsanlar onu bu suallara cavab verməyə məcbur edirdi. Və onu istefaya getməyə çağıranların sayı artır. Mən bir neçə gün ərzində Pedro Agramunt-un bu təzyiqlər altında davam gətirə bilmədiyini görsəm təəccüblənməyəcəm, çünki Assambleyanın üzvləri ona artıq etibar etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun