Ötən il Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb

Ötən il Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb
4 Aprel 2017
Mətni dəyiş
“Ötən il Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb”.
Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, məişət zəminində baş verən cinayətlərin səbəbləri müxtəlifdir: “Əsas səbəb ailə münaqişəsi göstərilir. Ailə münaqişləri isə çox geniş mənada işlədilir. Bu münaqişlərin çoxu qısqanclıqla bağlı olur. Ailə üzvünün narkotik maddə, alkoqol istifadəçisi olması nəticəsində də ailədə münaqişələr çox qeydə alınır”.
Şöbə müdirinin sözlərinə görə, qadınların çoxu həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır: “Öldürülən qadınların çoxunun qatili həyat yoldaşları olur. Azərbaycanda məişət zorakılığının çoxu qəsdən sağlamlığa yüngül zərər vurma (döyülmə) ilə bağlıdır”.
Komitə rəsmisi qeyd edib ki, məişət daxili zorakılığın səbəbləri ailə münasibətlərinin, ailənin təməlinin düzgün qurulmamasından qaynaqlanır: “Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, yəni erkən nikah hallarının əksəriyyətinin sonu bu cür münaqişələrə və cinayətlərə gətirib çıxarır. Həm fiziki, həm də psixoloji baxımdan yetkin olmayan qız uşağı ailənin yükünü daşıya bilmir. Ondan tələb olunanların öhdəsindən gələ bilmir”.
T.İbrahimova bildirib ki, qadınların maddi cəhətdən asılılığı məişət cinayətlərinin qurbanı olmalarına gətirib çıxardır: “Təhsili, təcrübəsi, maddi təminatı olmayan xanımın məişət zorakılığına məruz qalması hallarına daha çox rast gəlinir. Biz Dövlət Komitəsi olaraq tövsiyə edirik ki, vətəndaşlarımız qız övladlarını təhsildən yayındırmasınlar. Qızlarımız təhsil alsınlar, peşə sahibi olsunlar. Ailə qurmaq üçün tələsmək lazım deyil”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun