Nardaranlı yataq xəstəsinin yanına ancaq sənədlə getmək olur

Nardaranlı yataq xəstəsinin yanına ancaq sənədlə getmək olur
28 Aprel 2017
Mətni dəyiş
Vəkil Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Əbülfəz Bünyadovun evinə gedərkən saxlanılıb.
Onun sənədləri yoxlandıqdan sonra evə daxil olmasına imkan verilib. Bu haqda AzadlıqRadiosu-na Yalçın İmanov məlumat verib.
Əbülfəz Bünyadov yataq xəstəsidir. O, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı güllələnib. Altı nəfərin ölümü, eləcə də ilahiyyatçı Taleh Bağırov və digərlərinin həbsi ilə nəticələnmiş əməliyyat onun yaşadığı evdə keçirilib.
Ə. Bünyadov özü də həbs olunub. Lakin o, hərəkət qabiliyyətini itirdiyindən barəsindəki cinayət işi ayrılıb. 1 il 1 ay həbsdə saxlandıqdan sonra barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib, 2016-cı ilin dekabrında evinə buraxılıb.
Yalçın İmanovun sözlərinə görə, Ə. Bünyadovun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib, o, həbsdən buraxılandan bəri evlərinin qarşısında polislər post qurublar. Son iki həftədə isə onun ən yaxın ailə üzvlərini belə, qapıda saxlayıb evə buraxmırlar:
"Biabırçı bir vəziyyət yaranıb. Əbülfəz Bünyadovun bacısını, onun övladlarını polislər qapıda saxlayıblar, sənədlər tələb ediblər. Hətta evdə yaşayan adamlar - Əbülfəz Bünyadovun həyat yoldaşı, anası da nə isə almaq, harasa getmək üçün evdən çıxıb geri qayıdanda onlardan sənəd tələb edirlər. Əbülfəz Bünyadov hərəkət edə bilmir, ona hər gün tibbi yardım göstərilir. Bu məqsədlə daim evə gələn tibb bacısı da bu təzyiqlərə görə bundan sonra gəlməkdən imtina edib".
Yalçın İmanov bildirib ki, Ə. Bünyadov istintaq altında olduğundan yaranmış vəziyyətlə əlaqədar əvvəlcə prokurorluğa müraciət edəcək. Proseslərin gedişindən asılı olaraq, digər hüquqi addımlar da atılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun