Müşahidəçilər Türkiyə referendumunda 2,5 milyon səsə şübhə ifadə edir

Müşahidəçilər Türkiyə referendumunda 2,5 milyon səsə şübhə ifadə edir
19 Aprel 2017
Mətni dəyiş
Avropa Şurasının Türkiyə referendumunu monitorinq edən seçki müşahidə missiyasının üzvlərindən biri aprelin 18-də bəyan edib ki, səsvermə zamanı 2. 5 milyon səs saxtalaşdırılmış ola bilər.
Çox kiçik fərqlə “Hə” düşərgəsinin qələbəsi ilə bitmiş referendumun nəticələri Türkiyənin hazırkı prezidenti Recep Tayyip Erdoğana 2029-cu ilədək öz postunda qalmaq imkanı verəcək.
AzadliqRadiosunun məlumatına görə, Avropa Parlamentinin avstriyalı üzvü və AŞPA seçki missiyasının nümayəndələrindən Alev Korun deyib ki, manipulyasiya edilmiş səslər Erdoğana qələbə qazandırmış fərqdən iki dəfə artıqdır.
Korun habelə səsvermə prosesinin özü barədə çoxsaylı sualların yarandığını söyləyib.
O deyib ki, qanun səsvermədə yalnız rəsmi zərflərdən istifadəyə icazə verir, lakin buna baxmayaraq ali seçki hakimiyyəti qanunun ziddinə olaraq rəsmi möhürü olmayan zərflərdən istifadəyə icazə verib.
Korunun qənaətinə görə bu yolla 2, 5 milyon səsə müdaxilə edilə bilərdi.
Referendumda ayrıca missiya ilə təmsil olunmuş ATƏT bildirib ki, Ankara saxtakarlıq iddiaları ilə bağlı araşdırmanın aparılmasından imtina edir.
Türkiyənin əsas müxalifət partiyası olan CHP artıq referendum nəticələrinin ləğvi üçün rəsmi müraciət edib.
CHP sədrinin müavini Bülent Tezcan bəyan edib ki, partiyanın rəsmi etirazı Yüksək Seçki Komissiyasına aprelin 18-də təqdim edilib. Bu etirazda deyilir ki, səsvemə pozuntuları ilə bağlı referendumun nəticələri ləğv edilməlidir.
Rəsmi rəqəmlərə görə referendumda Konstitusiyaya dəyişikliyi seçicilərin 51, 4 faizi dəstəkləyib.
Hakim AKP saxtalaşdırma barədə ittiham və iddiaları rədd edir.
Buna baxmayaraq Avropa İttifaqı Türkiyəni səsvermə saxtakarlığı iddialarını “şəffaf qaydada” araşdırmağa çağırıb.
Bundan əvvəl ATƏT və Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 17-də bildirmişdilər ki, Türkiyədə keçirilmiş referendumun hüquqi çərçivəsi “əsl demokratik səsverməyə uyğun olmayıb”.
Müşahifədçilər həmçinin demişdilər ki, referendum kampaniyası “hamar olmayan oyun meydançasında” keçirilib və 16 aprel referendumunda “sonradan edilmiş prosedur dəyişiklikləri” səslərin sayılması prosesinə kölgə salıb.
Aprelin 17-də çıxış edən Erdoğan bu iradları rədd edib və ATƏT müşahidəçilərini “öz yerlərini bilməyə” çağırıb.
Bu arada ABŞ prezidenti Donald Trump aprelin 17-də Erdoğana zəng edərək onu “referendumdakı qələbəsi” münasibətilə təbrik edib. Bundan başqa iki prezident Suriyadakı vəziyyəti müzakirə ediblər.
Donald Trump-ın təbrikindən əvvəl ABŞ Dövlət Departamenti Türkiyəni səsvermə müşahidəçilərinin narahatlıqlarına reaksiya göstərməyə və müxalifət partiyaları ilə “mənalı siyasi dialoq” aparmağa çağırmışdı.
Dövlət Departamentinin bəyanatında deyilirdi ki, Vaşinqton Ankaradan vətəndaşların təməl insan haqlarına və azadlıqlarına hörmət edilməsini gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun