"Monopoliya qaldırılsa, Azərbaycanda qiymətlər normal həddə düşər"

"Monopoliya qaldırılsa, Azərbaycanda qiymətlər normal həddə düşər"
18 Aprel 2017
Mətni dəyiş
"İqtisadiyyat nazirinin bu cür ifadə işlətməsi təəssüf edicidir"
Bu sözləri Abzas.net-ə açıqlamasında iqtisadiyyatçı Nemət Əliyev deyib.
İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycanda süni qiymət artımlarına imkan verməyəcəyik.
Nazirin açıqlamasına münasibət bildirən iqtisadiyyatçı Nemət Əliyev deyir ki, əgər Azərbaycan hökuməti bazar iqtisadiyyatı yönümünü seçibsə, hesab edirsə ki, Azərbaycan iqtisadiyyatı da bazar yönümlü iqtisadi sistemə uyğundur, o zaman belə açıqlamalardan çəkinməlidir.
"Azərbaycan iqtisadiyyatı təpədən dırnağadək monopolyadadır. Əgər monopolyadadırsa, iqtisadiyyatın hər sahəsində monopolistlərin maraqları sözün deyir. Monopolistlər kimdir? Yüksək dövlət vəzifələrini tutmuş məmurlar. Onlar üçün qanunlar işləmir, onlar üçün iqtisadiyyatda rəqabətlilik mühiti şərt deyil. Onların işi oturduqları yerdə yolkəsənlik edib, istədikləri qiymətləri diqtə etdirib külli miqdarda pul qazanmaqdır. Yəni bazarda süni qiymət artımları bunların iradəsindən kənarda baş verə bilməz. Əgər iqtisadiyyat naziri bütün bunları nəzərə alıb müsbət nəsə etməyi düşünürsə, təqdirəlayiqdir. Ancaq təcrübə göstərir ki, bu mümkün olan şey deyil" - deyə iqtisadiyyatçı ekspert bildirib.
N.Əliyev deyir ki, hökumət zəhmət çəksin, mal və xidmətlərin, məhsulların təklifini artırsın. Təklifi artırmaqla, istehsalı artırmaqla, bazara daha çox mal çıxarmaqla bütün, həm süni, həm də qeyri-süni qiymət artımlarının qarşısını almaq mümkündür.
Onun sözlərinə görə, hökumət hər bir halda süni qiymət artımlarına qarşı mübarizə aparmağı düşünürsə, öncə monopolyaya qarşı mübarizə aparmalıdır.
"Ölkədə təklifi artırmaqla, monopolistləri süpürüb atmaqla, hüquqi mexanizmin işlək vəziyyətə gəlməsini təmin etməklə ciddi nəyəsə nail olmaq olar. Əsas ölkədə normal məhkəmə sistemi olmalıdır ki, hüquqları pozulan sahibkarlar monopolistlərlə yaranın problemi hüquqi çərçivədə həll etsinlər. Bütün bunlardan sonra, süni qiymət artımlarının qarşısını almaq olar".
Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadiyyatçı ekspert Vahid Məhərrəmli deyir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin açıqlaması heç bir reallıqa söykənmir.
Ekspertin sözlərinə görə, qiymətin süni olub-olmamasını müəyyənləşdirmək mümkünsüzdür. 
"Qiymətin süni olmamağın, hansı miqdardan sonra süni olmağın ölçən cihaz yoxdur. Ona görə də, nazirin açıqlaması reallıqdan uzaqdır. Bu o demək deyil ki, bu gün bazarlara təzyiq olunsa, süni qiymət artımları azalazaq, qiymətlər minimal həddə düşəcək" - deyə ekspert bildirib.
İqtisadiyyatçının sözlərinə görə, süni qiymət artımlarının qarşısını almaq üçün istehsalı artırmaq lazımdır. Daha ucuz və daha keyfiyyətli məhsul istehsal etmək lazımdır. Hökumət bu haqqda, bu istiqamətdə düşünməlidir.
"Başqa bir tərəfdən baxsaq, ölkəyə gətirilən kənd təsərrüfatı məhsulları müəyyən əllərdədir. Çox ciddi şəkildə monopolya var. Əgər monopolya aradan qaldırılarsa, Azərbaycanda qiymətlər normal həddə düşə bilər" - deyə V.Məhərrəmli bildirib.
Ekspert deyir ki, hal-hazırda Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının qiyməti xarici ölkələrlə müqayisədə bəziləri 2-3 dəfə, bəziləri də, 30-40% yüksəkdir.
"Bunun da səbəbləri ortadadır. İdxal monopolyadadır, istehsalda ciddi problemlər var. Bizim istehsalımız ümumi tələbatın 50%-ni ödəyir. Bazarda tələbatı artırmaq lazımdır. Əks halda bazar iştirakçıları bundan istifadə edir, bu da süni qiymət artımlarına gətirib çıxardır" - deyə kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun