İranla Ukraynanın test qatarı Azərbaycandan keçəcək

Ukrayna və İran kənd təsərrüfatı məhsullarının daşınması üçün test qatarının işə salınması ilə bağlı razılıq əldə edib. Abzas.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib.
Onun sözlərinə görə, qatar Azərbaycan və Gürcüstan ərazisindən keçməklə hərəkət edəcək.
“Qatar artıq bu ilin yayında hərəkətə başlaya bilər. İlk növbədə qatarla dənli bitkilər daşınacaq. Bu, iki ölkə arasında əməkdaşlıq üçün perspektivli sahədir. Ukrayna yeni beynəlxalq dəhlizlərin işlənməsini həyata keçirməlidir ki, Avropa və Asiya arasında körpü rolunu oynasın”, – deyə nazir qeyd edib.
Bununla yanaşı, nazir rəsmi Tehranı İran neftinin Ukraynaya nəqlinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə xahiş edib. Bundan başqa, V.Omelyan İran tərəfindən Ukrayna ərazisində neft emalı zavodunun tikintisi barədə düşünməyi xahiş edib.