Hər şeydən sonra yenə ailəmi sevirdim – Lalə Niftəliyeva

Hər şeydən sonra yenə ailəmi sevirdim – Lalə Niftəliyeva
10 Aprel 2017
Mətni dəyiş
Lalə Niftəliyeva
Bir neçə müddətdir ki, Rusiyada yaşayıram. Bura işıqlı və soyuq insanların məskənidir. Nə qədər gözəl mənzərələr, gülüşlər varsa, bir o qədər də acı səhnələr görmək olar. Bu gün də hər gün gəldiyim buzlu yolla evə qayıdırdım. Qar ərimək istəmir burda. Mənim baxışımla qış bütün fəsillərə qalib gəlib, hökmranlıq edir. Elə bu düşüncələrdəydim ki, bir mənzərə məni reallığın qucağına atdı. 50 yaşlarında balaca boy bir qadının yıxıldığını gördüm. Yanında iki 5 və 7 yaşlarında qız uşaqları var idi. Kömək etmək üçün tez yaxınlaşdım. Qadının balaca mavi gözlərindən yaş süzülürdü. Spirtin qoxusunu hiss etdim. Hə, içkiliydi. Bir az böyük olan uşaq çarəsizlikdən qışqırıb ağlamağa başladı. Dəhşətli bir mənzərə idi mənim üçün. Qocalamağa doğru gedən yolda iki parlaq qız uşağı dünyaya gətirmiş əlacsız bir sima. Özləri tək başına böyüməyə məhkum balaca körpələr. Qadına kömək etdiyim müddətdə balaca olan hönkürüb ağlayırdı. Bir az özünə gələn ana qızına sarıldı və yollarına davam etməyə başladılar. Eyni yolu gedirdik. Balaca bir an hər şeyi unutdu. Gülərək qaçdı və öz balaca məsum dünyasında xoşbəxtliyinə qovuşdu.
Doğmalıq hissi bu olsa gərək. Yadıma gəlir valdeyinlərimin ölməsi üçün dua etdiyim anlar. Bu hisslər son zəngdə müəllimə hədiyyə verə bilməyəndə, atamın qardaşımı ağaca bağlayıb döydüyü vaxtda, anamın bir yumurtanı qırdığım üçün mənə sillə vurduğu anlarda olurdu. Sonra bir yanımdan bir kəpənək uçardı göz yaşlarım yanağımda quruyardı. Sonra yenə xoşbəxt olub, hamını balaca qəlbimizə sığmayan böyük sevgiylə sevərdik.
Biz kənardan izlədiyimiz bu mənzərələrdə həmin qadına nifrət edirik. Amma o balaca uşaqlar onun hər səhvini bağışlaya bilir. Bu sözü hardasa eşitmişdim bir dəfə. Uşaqlar valdeyinlərini daha çox sevir. Bu “daha çox sevmək” deyil. Bu həmin o ilahi sevgidir. Heç bir qarşılıq ummadan, nəticə gözləmədən sevirlər. Bu sevgi qiblədir. Onun qarşısında diz çöküb, dua edək ki, onlar bizi bağışlasınlar.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun