Güc strukturlarının nümayəndələri Mətbuat Şurasının komissiyasında təmsil olunacaq

Güc strukturlarının nümayəndələri Mətbuat Şurasının komissiyasında təmsil olunacaq
21 Aprel 2017
Mətni dəyiş
Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.
Bu barədə “BakiPost.az”-a MŞ sədri Əflatun Amaşov məlumat verib.
 Şura sədrinin sözlərinə görə, prosesə dövlət qurumları da cəlb olunub:
"Komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa, komissiya hərəkətə keçəcək”.
Ə.Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır:
"Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir? Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq. Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.
Şura sədri bildirib  ki, həmin komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun