Faiq Əmirlinin vəkili: "Yeni ittihamların hüquqi əsası yoxdur"

Faiq Əmirlinin vəkili: "Yeni ittihamların hüquqi əsası yoxdur"
18 Aprel 2017
Mətni dəyiş
"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin vəkili ona qarşı irəli sürülən yeni ittihamların hüquqi əsası olmadığını bildirib.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Faiq Əmirliyə qarşı bazar ertəsi yeni ittihamlar irəli sürülüb.
Vəkil Fəxrəddin Mehdiyev  bildirib ki, yeni ittihamlar Cinayət Məcəlləsinin vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri üzrədir.
Bundan əvvəl Faiq Əmirli Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilirdi.
Vəkil bu ittihamların icraatının dayandırılacağını düşünür, amma bununla bağlı onlara hər hansı bir sənədin təqdim edilmədiyini də qeyd edir.
Baş Prokurorluq bu barədə  gün ərzində məlumat verəcəyini deyib.
Faiq Əmirli yeni ittihamları qəbul etməyib və ifadə verməkdən imtina edib, cənab Mehdiyev deyir.
Onun sözlərinə görə, yeni ittihamların "hüquqi əsası yoxdur".
"Ciddi qanun pozuntuları var. Faiq Əmirli vəzifəli şəxs deyil", vəkil bildirib.
Cənab Mehdiyevin sözlərinə görə, Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi 15-20 günə başlaya bilər.
"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli bu ilin avqustunda saxlanılıb və istintaq orqanları onu ABŞ-da yaşayan Fethullah Gülenin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib.
Ötən ilin sentyabrın 6-dan "Azadlıq" qəzetinin çapı dayanıb.
Buna səbəb qəzetin maliyyə direktoru Faiq Əmirli həbs olunduğuna görə qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun onu əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun