Ermənistanda Rusiya hərbi bazasının əsgəri öldürülüb

Ermənistanda Rusiya hərbi bazasının əsgəri öldürülüb
23 Aprel 2017
Mətni dəyiş
Rusiyadan alınan xəbərlərə görə, aprelin 22-də Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının əsgəri bıçaqlanaraq qətlə yetirilib.
TASS Gümrü təcili tibb yardımı məntəqəsinin həkimlərinə istinadən yazır ki, Rusiya hərbi formasında olan əsgərin meyiti yerli vaxtla saat 17:30-da şəhərin Kursk meydanı yaxınlağında tapılıb.
Hadisə yerinə gələn ambulansın həkimləri əsgərin öldüyünü təsdiqləyiblər.
Həmçinin Ermənistan polisindən TASS agentliyinə verilən xəbərdə də ölən əsgərin Rusiya hərbi bazasından olduğu təsdiqlənib.
Ölənin 21 yaşlı Dmitri Yalpayev olduğunu bildirilir. Gümrü bazasında müqavilə əsasında xidmət edən bu əsgərin boynunda bıçaq yaraları aşkar olunub.
Ermənistan Baş Prokurorluğundan verilən məlumata görə hadisə ilə əlaqədar 20 yaşlı bir nəfər saxlanıb. Hələlik onun adı açıqlanmır.
Ermənistan Federal Təhqiqat Komitəsi bildirib ki, ilkin araşdırma qətlin iki nəfər arasında dava-dalaşın əsnasında baş verdiyini göstərib.
Komitə habelə şübhəlinin ruhi xəstəliklə əlaqədar probleminin olduğunu və buna görə az əvvəl ordudan tərxis edildiyini əlavə edib.
2015-ci ildə Gümrüdə Rusiya bazasının əsgəri ilə bağlı başqa bir dəhşətli cinayət baş vermişdi.
O vaxt Gümrü bazasındakı Rusiya əsgərlərindən biri 6 aylıq uşaq da daxil bütöv bir erməni ailəsini qəddarlıqla qətlə yetirmişdi.
Bu hadisə Yerevanda Rusiya hərbi bazasına qarşı kütləvi etiraz aksiyalarını alovlandırmışdı.
1995-ci ildə imzalanmış sazişə əsasən Rusiyanın 102 nömrəli hərbi bazası Ermənistanın Gümrü şəhərində dislokasiya olunur.
2010-cu ildə hərbi bazanın Ermənistanda saxlanması müddəti 25 ildən 49 ilə artırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun