Deputatlar ölkədən çıxarılan vəsaitlərin geri qaytarılmasını tələb edir

Deputatlar ölkədən çıxarılan vəsaitlərin geri qaytarılmasını tələb edir
15 Aprel 2017
Mətni dəyiş
Milli Məclisin aprelin 14-də olan iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını təqdim edib. O, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayının 155 olduğunu bildirib: 
“Ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib. Daha çox mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb".
“443 nəfər barədə intizam tənbeh tədbirləri görülüb”
Palata sədri 2016-cı ildə audit olunan qurumlar tərəfindən 443 nəfər barədə intizam tənbeh tədbirlərinin tədbiq edilməsi ilə bağlı məlumat aldıqlarını da deyib. Bildirib ki, nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslər barəsində intizam-tənbeh tədbirləri tam görülməyib. Həmçinin, bu tədbirlərin preventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi sərt olmayıb.
“Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına tikilən villaları BŞİH sökdürdü”
Hesabatı müzakirə edən deputatlar sənədi ümumilikdə müsbət qiymətləndirsələr də, təklif və iradlarını da səsləndiriblər.
Deputat Fərəc Quliyev deyib ki, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrılıb. Həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarılıb:
“Palata bunlara niyə vaxtında diqqət yetirməyib? Ölkədən nə qədər vəsaitin çıxarıldığı və hansı tədbirlərin görüldüyü barədə məlumat verilməlidir. Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına villalar tikildi. Sonrada Bakı Şəhər İcra Hakimiyyəti bu villaları sökdü. Bu tikililər sökülməməli, dövlət mülkiyyəti sayılmalı, məktəb və ya bağça kimi istifadə olunmalıdır. Tikililəri sökməklə itirilmiş pulları bir daha itirmiş oluruq".
“İşığın, qazın qiymətini qaldırmaqla büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik”
Deputat Əli Məsimli büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmağın effektli olmadığını söyləyib. O, pensiya yaşının artırılması, işığın, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəklərini deyib:
“Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Biz kölgə iqtisadiyyatından çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik. Büdcəyə bərpa olunan vəsait dəryada damladır, amma zəruri tədbirlər görülsə, büdcəyə on milyonlarla vəsaiti qaytarmaq olar. Biz büdcə vəsaitinin 10 faizini xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbin tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.
“Töhmət, işdən çıxarılma yox, cinayət işi açılmalıdır”
Deputatı Qüdrət Həsənquliyev isə bildirib ki, Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlsə də, aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsi lazımdır.  Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzaların sərtləşdirilməli olduğunu bildirib:
“Palatanın hesabatında maliyyə nöqsanlarının qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil. Nöqsanlara görə işçilərin daha çox işdən azad olunması, töhmət verilməsi və ya maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər. Bu baxımdan yalnız töhmət, işdən azad olunma və ya maaşdan çıxılma kimi cəza tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır”.
“Parlamentdə büdcəyə nəzarət komitəsi yaradılmalıdır”
Bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib. O qeyd edib ki, bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyasında iştirak edirlər. Lakin dünya təcrübəsində belə deyil:
“Digər ölkələrin parlamentində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.
“Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”
Deputat Fazil Mustafa söhbətin 11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından getdiyini deyib:
Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, biz bu işlərlə qane ola bilmərik. Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün ciddi addımlar atılmalıdır”.
“Vətəndaş Xəzərin balığına həsrətdir”
F.Mustafa diqqəti qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə çəkib:
“Hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzərin balığına vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki... Bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilməlidir axı. Heç olmasa, bu sahədəki qiymətlərə nəzarət edilsin”.
“Vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?!”
Deputat Siyavuş Novruzov dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılmasını ən ali şərtlərdən sayır. Deyir, dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzadan sonra vəsait geri qayıtmırsa, o cəzanın heç bir əhəmiyyəti yoxdur:
“Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.
S.Novruzov Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsini təklif edib. Əgər pozuntu ilə bağlı siqnal daxil olursa, Palata oranı dərhal yoxlamalı və nöqsanların qarşısını almalıdır:
“Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin? Sonra biz axtaraq görək o pullar necə oldu? Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də, bu nöqsanların qarşısı vaxtında alınmalıdır”.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun