Bu il üçün Azərbaycanda qızıl hasilatı proqnozu açıqlanıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır.
Bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.
Şirkət bu il 52-58 min unsiya qızıl hasil etməyi nəzərdə tutur. Bu il ərzində Gədəbəydən 2 000-2 400 ton mis hasilatı da proqnozlaşdırılır.
Şirkət cari ilin I rübündə 11 078 unsiya qızıl hasil edib.
Hesabat dövründə şirkət 39 369 unsiya gümüş, 606 ton mis hasil edib. Hesabat dövründə 8 283 unsiya qızıl külçələri 1 220 ABŞ dolları/unsiya qiyməti ilə satılıb.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.