"Azərbaycanlıları Avropaya vizasız getməkdən hökumət məhrum edib"

"Azərbaycanlıları Avropaya vizasız getməkdən hökumət məhrum edib"
11 Aprel 2017
Mətni dəyiş
Son bir ayda iki post-sovet ölkəsi vətəndaşlarının Avropaya vizasız getməsi ilə bağlı ciddi irəliləyişlərə nail olduğu göründü. Martın 28-dən etibarən Gürcüstan vətəndaşlarının Şengen ölkələrinə vizasız getməyi ilə bağlı qaydalar qüvvəyə mindi. Aprelin 6-da isə Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğv olunması ilə bağlı Avropa Komissiyasının təklifini dəstəklədi.
SSRİ-dən çıxan ölkələrin bir hissəsinin tədricən Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirməsi müşahidə olunur. AB ilə uzun əməkdaşlıqdan sonra 2004-cü ildə Baltikyanı ölkələr birliyə üzv oldu, son bir neçə ildə də Moldova, Ukrayna və Gürcüstan "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində Avropa ilə əlaqələri dərinləşdirir.
Biometrik pasportu olan Gürcüstan vətəndaşları viza olmadan Avropanın 30 ölkəsinə 90-180 gün ərzində səyahət edə bilərlər. Gürcüstan vətəndaşlarına Şengen ərazisində yerləşən və ora daxil olmağa hazırlaşan namizəd ölkələrə səyahət etmək üçün də viza lazım olmayacaq. O cümlədən Aİ üzvü olmayan - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də vizasız ölkələr siyahısına daxildir.
Buna da bax: Gürcüstana gedən turistlərin sayında ciddi artım var – Statistika
Gürcüstan səyahət agentliklərinin məlumatına görə, vizanın ləğv edilməsi Avropa ölkələrinə turizmlə bağlı müraciətləri artırıb və avia biletlərin qiymətinə də öz təsirini göstərib.
Bizim Yol qəzetində Avropa İttifaqının Gürcüstan və Ukraynaya münasibətdə viza rejimini ləğv etdiyini, bu halın Azərbaycana tətbiqinin perspektivini ekspert Ülvi Həsənli ilə araşdırıb.
Ülvi Həsənli qəzetə şərhində Şengen ölkələrinə vizasız gediş-gəlişi sıradan bir məsələ saymır. Belə məsələnin illər aparan, siyasi iradə tələb edən danışıqların nəticəsi olduğunu bildirir.
Ü.Həsənli bildirir ki, bu məsələ 2012-ci ildə “Şərq Tərəfdaşlığı” Proqramı ölkələri ilə danışıqların müzakirə mövzularından biri idi və Azərbaycan hökuməti ilə razılaşma imzalandığı halda ölkə vətəndaşları Avropaya vizasız gedə bilərdi:
[caption id="attachment_23282" align="alignnone" width="1024"] Ülvi Həsənli[/caption]
Amma Azərbaycan hökumətindən məhkəmə, iqtisadi-siyasi islahatlar tələb olunduğuna görə, həmin proqram üzrə əməkdaşlıq dayandırıldı. Hökumət bu razılaşmanı imzalamamaqla vətəndaşları Avropaya vizasız getmək hüququndan məhrum etdi".
Ekspertə görə, Azərbaycanın belə bir şansı bir də o zaman olar ki, hakimiyyət Avropa Birliyi ilə danışıqları davam etdirsin:
“Amma bu əməkdaşlıq həm də bir sıra öhdəliklər deməkdir. Rəsmi Bakı isə bu öhdəliklərə isti yanaşmır və onlar yerinə yetirilmədiyi halda Avropa İttifaqı Azərbaycanla vizasız rejimə keçməyəcək”.
Buna da bax: Kiyevə ən çox azərbaycanlılar gedir
Ü.Həsənli bildirib ki, Şengen ilə vizanın ləğvi ciddi islahatların nəticəsi kimi ortaya çıxır və bu xətt davam edərsə, ölkə iqtisadi baxımdan da inkişaf edə bilər. Yazıda Gürcüstan və Ukrayna nümunə kimi göstərilir.
Ekspert deyir ki, Avropa İttifaqı ilə əməkdaşlıq təklifləri davamlı olaraq geri çevrilsə, bir neçə ildən sonra daha aydın görünəcək ki, bu ölkələrdə ümumi daxili məhsul, adambaşına düşən gəlir, minimum əməkhaqqı, illik investisiya hansı səviyyədə olacaq, Azərbaycanda hansı səviyyədə...
"Gürcüstan və Ukrayna Avropa Birliyi ilə əməkdaşlığı davamlı apardı, tələblərin böyük qismini reallaşdırdı deyə indi həmin ölkələrin vətəndaşları belə bir üstünlük əldə ediblər. Azərbaycan parlamentində bu məsələ ilə bağlı müzakirələrdən ciddi nəticə gözləmirəm. Çünki Milli Məclis müsəqil deyil. Azərbaycanda ən yuxarı səviyyədə həll olunur belə məsələlər. Ona razılıq veriləcəksə, Avropa ilə əməkdaşlıq olacaq, amma mən bunu yaxın dövrlərdə gözləmirəm" - deyə Ü.Həsənli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun