Azərbaycanda inflyasiya rekord həddə qalxıb

Azərbaycanda inflyasiya rekord həddə qalxıb
21 Aprel 2017
Mətni dəyiş
Azərbaycanda ilin I rübündə inflyasiya ötən ilin eyni dövrünə nisbətən 13,2% yüksək olub. Bunu Dövlətstatkomun istehlak qiymətləri indeksi barədə hesabatı göstərir. Deyilən dövrdə ərzaq 17%, qeyri-ərzaq malları 12,6%, pullu xidmətlər 8,6% bahalanıb.
Hesabata görə, martda istehlak malları və xidmət tarifləri fevrala nisbətən 1,6%, yanvara nisbətən 2,3% artıb.
O cümlədən ərzaq 3,1%, qeyri-ərzaq malları 0,6%, pullu xidmətlər 0,5% bahalanıb.
Daha çox bahalanma tütün məmulatında olub - 90%. Ardınca çay, kofe, kakao (28,7%), yağ və piy (27,1%), mineral sular, sərinləşdirici içkilər və şirələr (20,6%), çörək məmulatı və yarma (17,6%), araq və brendi (17,3%) süd məhsulları, yumurta (11,5%), balıq məhsulları (10,6%) gəlir.
Qeyri-ərzaq mallarından məişət cihazları (35,4%), kiçik elektrik cihazları (34,2%), dərmanlar (32,3%), kalkulyator, kompüter, planşet, noutbuk (30,3%) və avtomobil hissələri (31%) bahalanıb.
İnflyasiyaya təkan verən amillər çoxdur. Əvvəla, milli valyuta zəifləyib, ərzağın mühüm hissəsi isə idxal edilir. Bundan başqa, ərzaq və qeyri-ərzaq malları üzrə gömrük rüsumu artırılıb. Amma yerli ərzaq da bahalanıb. İstehsalçılar bunu elektrik enerjisi, xaricdən alınan xammal və inqredientlərin və nəqliyyat xərclərinin bahalanması ilə izah edir.
İnflyasiyasını azaltmaq üçün AMB-nin dövriyyədəki manat kütləsini azaltmasını da qeyd etmək olar. Məlumdur ki, inflyasiya AMB-nin taktikasından çox asılıdır. Söhbət manat kütləsinin artırılması və ya azaldılmasından gedir. Ölkədə inflyasiyanın sürətinə görə qiymət versək, AMB-nin hərəkətini səmərəli saymaq olmaz.
Yüksək inflyasiyanın səsbəblərindən biri də korrupsiya və inhisarçılıqdır. İqtisadçı Azər Mehdiyev müəyyən qrup mallara inhisarçılıq olduğunu bildirir. Kimsə banan və quru meyvə, digəri mobil telefon, kompüter, dərman idxalına nəzarət edir. Bu malların qiymətini onlar müəyyən edir. İnhisarçılar və oliqarxlar tikinti, emal, xidmət ssahəsində də şərtlərini diktə edir.
"İkirəqəmli inflyasiya onu göstərir ki, iqtisadiyyatda durğunluq var. Böhran bank sistemi və real iqtisadiyyatı tamamilə cənginə alıb", - deyə Mehdiyev bildirib.
İnzibati korrupsiya da xüsusi qeyd edilməlidir. Bunlar gömrükçülər, vergi və başqa xidmətlərdir. Bu korrupsiya xərcləri də istehlakçının çiyninə qoyulur.
Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsində inflyasiya 7,3% proqnozlaşdırılıb. Artım dinamikası göstərir ki, bu hədd keçilib. Analitiklər hesab edir ki, illlik 7,3% inflyasiya imkanı qalır. Bu, aqrar sektor, AMB-nin düzgün siyasəti və antiinhisar mübarizəsindən asılıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun