Azərbaycanda 6 hakim korrupsiyaya şərait yaratmaqda ittiham olunur

Azərbaycanda 6 hakim korrupsiyaya şərait yaratmaqda ittiham olunur
14 Aprel 2017
Mətni dəyiş
Azərbaycanda qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.
Bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında məlumat verilib.
Şurada dövlət başçısının sərəncamında verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilib.
Məlumatda bildirilir ki, cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı hazırlanmış qanun layihəsi müzakirə edilib.
Həmçinin, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə mövzusu olub.
Eyni zamanda bildirilib ki, sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılıb, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun