Avropa Məhkəməsi Azərbaycana qarşı 23 iş üzrə qərar qəbul edib

Avropa Məhkəməsi Azərbaycana qarşı 23 iş üzrə qərar qəbul edib
13 Aprel 2017
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.
Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb.
Vəkil bildirib ki, Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb.
Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro konpensasiya ödəməlidir.
"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 3-də evinin qarşısında güllələnib. Ancaq 12 il üstündən keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçisindən xəbər yoxdur.
Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bunlar Tofiq Yaqublu, Sərdar Məmmədov, Bəxtiyar Hacıyev, İlqar Hüseynli, Nəriman Yəhyayev, Gözəl Bayramlı, Nemət Əliyev, Salman İmanlı, Sahib Kərimov, Ulham Hüseynli, İkram İsrafil, Pənah Hüseyn, Adil Qeybulla, İsa Qəmbər, Yaqub Babalı, Leyla Mustafayeva, Soltanhəmid Məlikov, Əli Kərimli, Qiyas Sadıqov, Arzu Səmədbəyli, Sitarə Zeynalova, Aslan İsmayılov.
Bu işləri vəkillər İntiqam Əliyev və Hafiz Həsənov aparıb. Yalnız İkram İsrafilin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edib.
Məhkəmə qərara alıb ki, bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib. 23 iş üzrə kompensasiyaların cəmi 271 000 avro təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun