“ABŞ bir-biri ilə döyüşən iki müttəfiqini – türkləri və kürdləri ayırmağa çalışır”

“The İndependent” yazır ki, “bəzi xəbərlərə” görə ABŞ Ankaranın kürd mövqelərinə hava zərbələri ilə əlaqədar Türkiyə ilə Suriyanın şimalındakı muxtar kürd rayonu arasındakı əraziyə qoşun göndərib.
Türkiyə hərbiyyəsi Suriyada özünüidarəyə malik üç Rojava ərazi vahidinə zərbələr endirib. Rojava Suriya kürdlərinin bu ölkənin şimalinda qurmaq istədikləri gələcək kürd dövlətinə verdikləri addır.
Türkiyə bu bölgəyə hava zərbələri endirdikdən sonra Rojava üzərinə artilleriya və tank hücumlarına keçib.
“The İndependent” alınan xəbərlərə istinadən yazır ki, sözü gedən ərazidə evlərə və məktəblərə ziyan dəyib və bir media mərkəzi dağıdılıb.
Türkiyənin bu hücumları nəticəsində bu bölgədə İŞİD-ə qarşı vuruşan 30 kürd döyüşçü həlak olub.
Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə İraq Kürdüstanına endirilən hava zərbələri nəticəsində 6 kürd peşmərgəsi öldürülüb.
Məhz buna görə də Amerika qüvvələri ABŞ-ın iki müttəfiqi arasına girərək toqquşmaların önlənməsinə çalışır. Türkiyə NATO üzvüdür, lakin Suriya kürdləri İslam Dövləti adlandırılan təşkilatla mübarizədə Washington-un əsas döyüşən müttəfiqidir.
Kürd Xalq Müdafiə Birlikləri və ya qısaca YPG komandirlərindən biri Reuters agentliyinə ötən cümə günü bildirib ki, o bu bölgəyə Amerika əsgərlərinin gəlməsini gözləyir. Bu qoşunlar kürdlərin muxtar ərazilərindəki kəndləri hücumlardan müdafiə etməlidirlər.
Bu bölgədə çəkilmiş videoda Türkiyə sərhədi yaxınlığında üstündə ABŞ bayraqları olan çox sayda zirehli döyüş maşını görünür.
“The İndependent” yazır ki, peşmərgə və YPG qüvvələri, ABŞ-ın İD-in de facto paytaxtı olan Raqqanın alınması planlarının həlledici elementi sayılırlar.
Məqalədə deyilir ki, Türkiyə aviazərbələrinin nəticəsində həlak olanların arasında YPG-nin qadınlardan ibarət batalyonunun döyüşçüləri də var.
Türkiyə həm İŞİD cihadçılarını, həm də kürdləri özünün cənub sərhədlərindən uzaqlaşdırmaq məqsədilə ötən il “Fərat qalxanı” əməliyyatına başlamışdı. Bu əməliyyat ötən ay başa çatıb.
Həmin əməliyyatın gedişində Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu ilə kürd qüvvələri arasında bir neçə toqquşma baş vermişdi. O vaxt kürdlər öz torpaqlarını müdafiə etmək üçün sonadək vuruşmağa and içmişdilər.
Türkiyə İraq əsgərlərinin həlak olmasına görə üzr istəyib, lakin bildirir ki, onun hədəfi PKK qruplaşması idi.
Prezident Recep Tayyip Erdoğan kürd siyasi partiyalarını qadağan edib və bildirib ki, öz sərhədlərində Rojava kimi kürd dövlətlərinin yaradılmasına “heç vaxt” yol verməyəcək.
ABŞ Türkiyə kimi PKK-nı terrorçu təşkilat hesab edir, lakin eyni zamanda Suriya Demokratik Qüvvələrini dəstəkləyir. Kürdlərin YPG qüvvələri isə bu qrupun tərkibində əsas rollardan birini oynayır.
Rojavanın siyasi liderləri və bütün dünya boyunca kürd haqları müdafiəçiləri Suriyanın şimalında milyonlarla Suriya qaçqını da daxil dinc insanların mühafizəsi üçün uçuşlarsız zona yaradılmasına çağırırlar.
YPG-nin siyasi qanadı sayılan PYD-nin sözçüsü Sihanuk Dibo deyib ki, “biz bir düşmənə qarşı döyüşürük və onun adı İŞİD-dir, bu isə tələb edir ki, Birləşmiş Ştatlar Rojava və Şimali Suriya üzərində uçuşlarsız zona elan etsin”.
Başqa fəallar isə bu qənaətdədirlər ki, YPG Rojava əhalisini qorumaq naminə Raqqanın alınması əməliyyatında iştirakdan əl çəkməlidir.
“The İndependent” yazır ki, bu ərazinin Türkiyə tərəfindən nizamsız bombardmanları artıq dörd ildir davam edir, lakin bu həftənin hücumları təcavüzün yüksəldiyini göstərir.
Məqalədə deyilir ki, bu hücumların intensivliyi xüsusən də 16 aprel referendumundan sonra artıb.
Bu referendum cənab Erdoğana yeni məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri verib.