Əli İnsanov: “Məni sındıra bilməyəcəksiniz”

Əli İnsanov: “Məni sındıra bilməyəcəksiniz”
8 Aprel 2017
Mətni dəyiş
Martın 7-də Qaradağ rayon məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə hazırlıq iclası keçirilib.
2016-cı ilin oktyabrında, İnsanovun cəza müddətinin bitməsinə 9 gün qalmış ona qarşı qanunsuz narkotik saxlamaq, nəzarətçilərə müqavimət göstərmək, qadağan olunmuş əşya saxlamaq ittihamları irəli sürülüb. Bu əsaslarla onu yenidən həbs ediblər.
İclas məhkəmənin kiçik zalında keçirilib, əvvəlcə jurnalistlər və ictimaiyyət nümayəndələri zala buraxılmayıb. Kəskin etirazlardan sonra məhkəmə nəzarətçiləri 5 nəfəri, o cümlədən aralarında Turan-ın müxbiri də olan iki jurnalisti zala buraxıb.
Məhkəməyə Rəşad Mustafayev sədrlik edib. Prokuror Fərəc Hüseynov ittihamı dəstəkləyib. Zərərçəkmiş qismində Penitensiar Xidmətin mayoru Anar Məmmədov iştirak edib.
Əli İnsanov dəmir barmaqlıqlar arxasına salınıb. İttiham oxunduqdan sonra vəkillər Ağaveys Şahverdi və Toğrul Babayev ittihamların uydurma olduğunu bildiriblər, yaşlı İnsanovun özündən dəfələrlə güclü olan gənc və sağlam zabitə müqavimət göstərməsinin, xüsusən də ona qarşı güc tətbiq etməsinin qeyri-mümkün olduğunu qeyd ediblər.
Bundan başqa, İnsanov ona görə də güc tətbiq edə bilməzdi ki, cəzaçəkmə müəssisəsinin 10 əməkdaşı tərəfindən mühasirəyə alınmışdı.
Vəkil qeyd edib ki, İnsanov həbsdə olduğu müddət, yəni 11 il ərzində heç vaxt nizam-intizamı pozmayıb. Azad olunmasına 56 gün qalmış İnsanovun belə bir şey etməsini ehtimal etmək qeyri-mümkündür.
İnsanov özü qeyd edib ki, həbsinin “sifarişçisini” yaxşı tanıyır. “Bəsdir qanımı içdiniz. Bu xəyalpərəst oturub gözləyir ki, çayın suyu çəkiləcək. Amma məni sındıra bilməyəcəksiniz”, deyə o bildirib.
Daha sonra İnsanov deyib ki, həbsdə olduğu 11 il ərzində 100 məhkəmə prosesindən keçib, amma heç birini udmayıb. “Əvəzində Avropa Məhkəməsini uddum, amma bu qərar icra olunmur”, deyə o qeyd edib.
Özünə qarşı yeni ittihama toxunan İnsanov deyib ki, hazırlanan təxribatdan xəbəri var idi.
Əvvəlcə cəzaçəkmə müəssisəsinə gənc zabit göndəriblər, ona İnsanovu davaya təşviq etmək tapşırılıb. “Amma mən onu müalicə etdim və biz dostlaşdıq”, deyə sabiq nazir bildirib.
“Daha sonra məni məhbusları qanunsuz olaraq müalicə etməkdə ittiham etmək istədilər, amma bu ideya da uğursuzluğa düçar oldu. Onda yeni təxribat düşündülər, guya məndə psixotrop maddə tapılıb və bunu protokollaşdırmaq istəyəndə mən zabitə hücum etmişəm”, deyə İnsanov qeyd edib.
Vəkillər ittiham əsassız olduğu üçün cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıblar. Amma məhkəmə vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri 12 aprel saat 14.30-a təyin edib.
Fasilə zamanı İnsanov deyib: “Avropa kralları Müqəddəs Yelena adasından qorxurdular, çünki orada Napaleon saxlanılırdı, bizim hakimiyyət də Kürdəxanı istintaq təcridxanasından qorxur, çünki orada kimi saxladığını bilir”.
İnsanov 2005-ci ilin oktyabrından həbsdədir. İlkin olaraq o, dövlət çevrilişinə cəhddə ittiham olunub, amma sonradan iqtisadi maddələrlə 11 il müddətinə mühakimə olunub. Strasburq Məhkəməsi İnsanovun hüquqlarının pozulmasını etiraf etsə də, onun barəsində hökm qüvvədə saxlanılıb.
2016-cı ilin oktyabtında, İnsanovun cəza müddətinin bitməsinə 9 gün qalmış ona qarşı qanunsuz narkotik saxlamaq, nəzarətçilərə müqavimət göstərmək, qadağan olunmuş əşya saxlamaq ittihamları irəli sürülüb. Bu əsaslarla onu yenidən həbs ediblər.
İnsanov ittihamları saxta hesab edərək, yeni həbsindən AİHM-ə müraciət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun