Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?

Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?
23 Mart 2017
Mətni dəyiş
“Rusiya gömrükçüləri həmin ölkənin bazarlarına satmağa apardığımız meyvə-tərəvəzlə dolu yük maşınlarımızı sərhəddə saxlayıblar. Bəhanə edirlər ki, guya biz Rusiya bazarlarına Azərbaycan məhsulu adıyla Türkiyə məhsulu aparırıq”.
AzadlıqRadiosu xəbər verir ki, iş adamlarının dediyinə görə 10 gündən çoxdur, “Samur” gömrük keçid məntəqəsindən Rusiya bazarlarına satmağa apardıqları kənd təsərrüfatı məhsulları ilə dolu, azı, 50 yük maşını sərhəddə qalıb. İşadamı Yusif Əliyev deyir, Rusiyaya Azərbaycana məxsus tonlarla kənd təsərrüfatı məhsulları aparır:
“Şəxsən özüm Zirə pomidoru vurmuşam. 100 min manatlıq məhsul bu dəqiqə zay olub getməkdədir. Öz məntəqəmizi keçmişəm, gəlib Rusiyanın buraxılış məntəqəsində ilişib qalmışam. Bir-iki gün də gözləsəm, 1 kilo da pomidor ələ gəlməyəcək. Hamı da mənim kimi narahatdır. Biri alma vurub, biri xiyar, biri göyərti... Hamısı xarab olur”.
“TÜRK MALIDIR” DEYİB BURAXMIRLAR
Digər sahibkar Elmidar Hüseynov:
“Bəzi dələduzlar həqiqətən də bu aralar Türkiyə məhsullarını Azərbaycan məhsulu adıyla Rusiyaya keçirəndə ilişiblər. İndi onların əməlinin altını biz çəkirik. Məhsulumuza “türk malıdır” deyib saxlayıblar neytral zonada...”
Sahibkarlar bildirirlər ki, səbəb təkcə bu deyil. Rusiyalı gömrükçülər və sərhədçilər həm də azərbaycanlı sahibkarların sənədlərində “səhvlər tuturlar”. Sahibkar Elmidar Hüseynov davam edir:
“İstəmirlər Rusiya bazarlarına məhsul çıxardaq. Sənədlərdəki əyri yazılan hərifə də ilişirlər ki, bu niyə əyri yazılıb. Qəsdən incidirlər. Deyirik, ‘bu öz sənədimiz, bu da apardığımız yükün, daha nə istəyirsiz?’ Deyirlər, ‘səsinizin tonunu aşağı eləyin, bura sizinçün Azərbaycan tərəf deyil’. Son bir neçə ayda qəsdən süni problemlər yaradırlar, istəmirlər məhsullarımızı bazarlarına çıxaraq”.
“PREZİDENTİMİZ ÇARƏ ELƏSİN”
Sahibkar Yusif Əliyev istəyir ki, məsələyə dövlət səviyyəsində müdaxilə olunsun və Rusiya sərhədindəki süründürməçiliyin qarşısı alınsın:
“Prezidentimiz bir çarə eləsin. Ölkəmizdə çörək tapsaq, bizim Rusiya bazarında nə işimiz var? Ya bizə öz ölkəmizdə iş versin, ya da qonşu dövlətlərin başçıları ilə məsələni birdəfəlik həll eləsin, məhsullarımızı rahat şəkildə sərhəddən, gömrükdən keçirib satıb qayıda bilək”.
Sahibkarlar kənd təsərrüfatı məhsullarıyla dolu yük maşınlarının hələ də neytral zonada gözlədiyini bildirirlər.
Qeyri-iş günləri olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Yada salaq ki, ötən dekabrda Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə gedib və özünün bildirdiyinə görə, məqsədi “sərhəddə buraxılış-keçid məntəqəsinin işini yoxlamaq” olub. D. Rogozin bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun