8 Mart 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, WikiLeaks Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid olduğu iddia edilən sənədləri internetə faş etdikdən sonra ABŞ kəşfiyyatı yeni pərtliklə üzləşib.
İddia olunduğuna görə, bu sənədlərdə MKİ-nin mobil telefonlara, kommunikasiya aplikasiyalarına və başqa elektron cihazlara haker müdaxiləsi üçün nəzərdə tutulmuş alətlərdən söhbət gedir.
Məqalədə deyilir ki, bu sənədlərin həqiqiliyi təsdiqlənərsə, hadisə bir daha ABŞ kəşfiyyatının öz sirlərini qorumaqda acizliyinə dəlalət edəcək.
Bu sənədlərə görə, Britaniya kəşfiyyatı və MKİ birlikdə istifadəçilərin televizorlarına müdaxilə texnikası üzərində işləyiblər. Bu haker sistemi evində Samsung televizoru olan hər bir adamın gizli dinlənməsinə imkan verməliydi.
Weeping Angel (Hönkürən mələk) adlı haker proqramı Samsung F8000 markalı televizorların sahiblərinin məxfi müşahidə edilməsi üçün yaradılmışdı.
WikiLeaks-in "Vault 7" (Seyf 7) adlandırdığı bu sızma məxfi sənədlərin MKİ-nin 200 əməkdaşı olan Kiberkəşfiyyat Mərkəzindən oğurlandığı güman edilir.
WikiLeaks bildirib ki, mediaya sızdırılmış 9000 məxfi sənəd onun əlində olan materialların yalnız üçdə biridir.
MKİ məxfi sənədlərin sızmasına dair xəbərlərə şərhdən imtina edib.
WikiLeaks bu dəfə də sızmanın mənbəyi barədə bəyanatında yayğın məlumat verib.
Bəyənatda deyilir ki, "arxiv çox güman ABŞ-da keçmiş hökumət hakerləri arasında sirkulyasiya edirmiş və icazəsiz bir şəkildə ehtiyatsızlıqdan yayılıb".
"The Guardian" yazır ki, bu son sızma Donald Trump-ın komandası və Rusiya arasındakı mümkün əlaqələrə dair iddiaları qızışdıra bilər.
Belə ki, bundan əvvəl bir sıra ABŞ rəsmiləri WikiLeaks-i Rusiya kəşfiyyatının icraçısı kimi ittiham etmişdilər, lakin eyni zamanda Trump, Clinton emaillərinin yayılması ilə bağlı şərhində bu faşetmə saytını çox bəyəndiyini demişdi.
WikiLeaks-in baş redaktoru Julian Assange deyib ki, "bu sızma siyasi və hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir".
Amma bu dəfə WikiLeaks internetə yaydığı sənədlərdəki şəxs adlarını qara zolaqlarla örtməyi unutmayıb.
WikiLeaks bu materialları əvvəlcədən Almaniyanın Der Spiegel və İtaliyanın La Repubblica nəşrləri ilə paylaşmışdı.
Rusiyada sürgündə olan qaçaq ABŞ kəşfiyyatçısı Edward Snowden yayılmış sənədlərin həqiqi nüsxələrə bənzədiyini bildirib.