Qubad İbadoğlu: İstənilən halda dollar bahalaşmağa məhkumdur

Qubad İbadoğlu: İstənilən halda dollar bahalaşmağa məhkumdur
4 Mart 2017
Mətni dəyiş
''Yay aylarında durğunluq olmayacaq, hətta dolların məzənnəsinin pik hədləri də ola bilər''
Yola saldığımız həftədə manat dollara nisbətdə bir dəfə cüzi ucuzlaşdı və təkrar bahalaşdı. Manatın hazırkı durumunu ekspertlər müxtəlif amillərlə izah etsələr də, ümumi yanaşma durğunluq kimi qiymətləndirilir.
İqtisadçı Qubad İbadoğlu bu barədə Meydan TV-nin sualını cavablandırarkən bu cür enmə və qalxmaları normal adlandırıb.
O, hesab edir ki, əgər gedişatı bazar müəyyənləşdirirsə, heç də artan məzənnəni gözləməyə ehtiyac yoxdur:
"Ancaq indiki vəziyyətin real səbəbləri var və bu, birbaşa bazarla əlaqəli deyil. Ölkədə əsas pul dövriyyəsi büdcə vasitəsilə reallaşdırılır, dövlət büdcəsi də ilin birinci iki ayında yalnız cari xərclərini maliyyələşdirməsi üçün vəsait ayırıb. Bununla da dövriyyədə manat kütləsi kəskin şəkildə aşağı düşür və həm də büdcənin məhdudlaşdırıcı xərcləmə siyasəti manat qıtlığı yaradır. Bu ona görə baş verir ki, ilin ilk aylarında investisiya xərcləmələri üçün büdcədən vəsait ayrılmayıb. Vəsaitin ayrılmasından əvvəl fevralın sonunda Nazirlər Kabineti investisiya büdcəsinin layihələr üzrə bölgüsünü təsdiq edən qərar verməlidir. Bu qərardan sonra investisiya büdcəsinin hansı təşkilatlar arasında bölüşdürüləcəyi məlum olur. 2017-ci ildə 2,5 manat ətrafında investisiya büdcəsi formalaşdırılıb. Həmin büdcənin formalaşdırılması martda başlayacaq və bu vəsaitlər dövriyyəyə çıxanda dollara tələbat yaranacaq. Digər vəsaitlər - əmək haqqı, pensiya, sosial müavinət- bunlar dollara tələbat yaratmır. Səbəb onların cari istehlak üçün istifadə olunmasıdır. Dollara tələbat yaradan manat kütləsi ortaya çıxanda artıq dollar bahalaşacaq və bu, martın ikinci yarısına təsadüf edəcək".
Q.İbadoğlu hesab edir ki, yay aylarında durğunluq olmayacaq, hətta dolların məzənnəsinin pik hədləri də ola bilər:
"İyul və avqustda tələbat artacaq, həm də ilin sonu tələbatın artacağı dövrdür. Bu baxımdan istənilən halda dollar bahalaşmağa məhkumdur. Çünki hələ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini qaldıracağı gözlənilir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun