Vəkil Mehman Hüseynova bəraət istəyib

Bu gün, martın 6-da bloqqer Mehman Hüseynovun həbsindən apellyasiya şikayəti verilib.
Bunu AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib: “Apellyasiya şikayəti bütün təfərrüatları ehtiva etməklə 23 səhifədən ibarətdir. Məsələ ətraflı təsvir edilmiş şəkildə apellyasiya instansiyana təqdim edilir”.
E.Sadıqovun deməsinə görə, apellyasiya şikayətində M.Hüseynova bəraət verilməsi istənilir.
Vəkil martın 6-sı M.Hüseynovla görüşdüyünü də bildirir: “Bu gün görüşdük. M.Hüseynov digər vəkillərin müdafiəyə qatılmasına etiraz etmədi. Amma müdafiə ilə bağlı bütün hüquqi sənədləri mənim hazırlamağımı istədi”,-deyə E.Sadıqov qeyd edib.
Vəkillərdən Yalçın İmanov və Fəxrəddin Mehdiyev də Mehman Hüseynovun müdafiəsinə qoşulmaq niyyətindədirlər. Ancaq bir müddət öncə vəkil Elçin Sadıqov buna ehtiyac olmadığını bildirmişdi.