Ukrayna rusiyalı müğənnini 'Eurovision'a buraxmır

Ukrayna rusiyalı müğənnini 'Eurovision'a buraxmır
23 Mart 2017
Mətni dəyiş
Ukrayna Rusiyanın "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisini tədbirə buraxmır, çünki o, 2014-cü ildə Moskvanın ilhaq etdiyi Krımda olub.
27 yaşlı Yulia Samoilova 2015-ci ildə Krımda çıxış etdiyini təsdiqləyib. "Eurovision" mayda Kiyevdə keçiriləcək.
"Eurovision"un təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) xəbərdən "dərindən təəssüfləndiyini" bildirib. Xəbəri BBC yayıb.
EBU bəyan edib ki, bütün iştirakçıların müsabiqəyə qatıla bilməsindən ötrü Ukrayna hakimiyyəti ilə dialoqu davam etdirəcək.
"MOSKVANIN İSTƏDİYİ DƏ BUYDU"
BBC "Eurovision"un artıq tam siyasiləşdiyini, Rusiya və Ukraynanın Moskvanın seçimiylə bağlı mübahisəsinin getdiyini yazır. Artıq xarici işlər nazirinin müavini bu qərarı "biabırçı" adlandırıb. Bir deputat yarışmanın başqa ölkəyə keçirilməsini, digəri isə Rusiyanın təşkilatçılar problemi çözməyənədək müsabiqəni boykot etməsini istəyir.
Bəzi müşahidəçilərin fikrincə, Moskva Krımda olmuş Samoilova-nı tədbirə göndərəndə elə istəyi də belə bir çıxmazın yaranmasıydı.
Mübahisəni qızışdıran həm də bu iştirakçının əlil arabasından istifadə etməsi, builki "Eurovision"un şüarının da "fərqlilik" olmasıdır.
Ötən il Ukrayna təmsilçisi Jamala Krım tatarlarının 2-ci Dünya müharibəsi zamanı kütləvi deportasiyasından söz açan "1944" mahnısıyla müsabiqədə birinci yeri tutub.
QALMAQALLI "EUROVISION"
Ukraynanın Təhlükəsizlik Xidməti Rusiyadan, azı, 140 sənətçini Krıma görə qara siyahıya salıb. Samoilova ilə bağlı qərarı Rusiyanın dövlətə məxsus "Birinci Kanal"ı belə şərh edib: "Ukrayna hətta sivil ölkə kimi görünməkdən ötrü bu imkandan yararlana bilmədi".
Builki "Eurovision" qalmaqal sarıdan boldur. Ötən ay yarışmanın təşkilatçılarından 21 nəfər yüksəkvəzifəli istefa verib. Ukrayna "Eurovision" komandası bildirib ki, onların əsas səlahiyyətləri dekabrda, təşkilat komitəsinə yeni rəhbər təyin olunanda alınıb. Həmin şəxslər istefa məktublarında yazırdılar ki, şou haqda hər hansı qərar vermək səlahiyyətindən məhrumdurlar.
EBU isə Ukrayna ictimai yayımçısı qarşısında şərt qoyub ki, qrafikə əməl etsin. Qurum hər şeyin plan üzrə getməyini istəyir.
"Eurovision-2017" mayın 9-da başlamalıdır. Final konserti mayın 11-də olacaq.
Azərbaycanı yarışmada DiHay "Skeletons" mahnısıyla təmsil edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun