Türkmənistanda təqaüdçülər kütləvi şəkildə işdən çıxarılır

Türkmənistanda təqaüdçülər kütləvi şəkildə işdən çıxarılır
3 Mart 2017
Mətni dəyiş
Türkmənistanın bütün dövlət qurumlarımda təqaüd yaşına çatmış əməkdaşların işdən çıxarılması kampaniyasına başlanılıb.
AzadlıqRadiosu xəbər verir ki, təqaüdçülərin işdən çıxarılması Türkmənistan prezidenti Qurbanguly Berdymuhamedov'un birbaşa əmriylə gerçəkləşdirilir.
KAMPANİYA 3 AYDIR BAŞLANIB
Portal həmçinin Türkmənistanın Dövlət turizm komitəsinin rəhbəri Serdar Cholukov-un sərəncamını dərc edib. Sərəncamda bu dövlət strukturuna aid bütün qurumlardan "təqaüd yaşına çatmış bütün əməkdaşları layiq olduqları istirahətə göndərmələri" tələb edilir. Onların yerinə isə turizm sahəsində uyğun təhsili və xarici dil bacarıqları olan gənc mütəxəssislər götürüləcək.
Sərəncamın mətninə görə, təqaüdçülərin işdən çıxarılması artıq üç aydır ki, həyata keçirilir.
Son aylar ərzində hökumətin iclaslarında çıxış edən Türkmənistan prezidenti qlobal iqtisadi problemləri əsas gətirərək nazirlik və idarələrin iqtisadi vəziyyətini nizamlamağın, onların əməkdaşlarının əməkhaqlarını artırmağın vacibliyindən danışır.
"10 FAİZ" VS "2-3 DƏFƏ"
Son bir neçə il ərzində ölkədə əməkhaqqı və pensiyalar hər il 10 faiz artırılır. Ancaq yerli müşahidəçilər deyirlər ki, maaşlar artsa da, ərzaq və başqa məhsulların qiyməti ildə 2-3 dəfə yüksəlir.
Dövlət sektorunda ixtisarlar təkcə təqaüdçülərə təsir etməyib. Ötən il ölkənin neft-qaz kompleksinə aid bir sıra müəssisə və qurum ləğv edilib. Ölkə iqtisadiyyatının digər sahələrinə aid qurumlarda da iş yerləri ixtisar edilib.
Bir sıra büdcə təşkilatlarında rəhbərliyin əməkdaşları ödənişsiz məzuniyyətə göndərməyə, yaxud da iş saatlarını ixtisar etməyə məcbur olduğu vurğulanır.
Ölkənin rəsmi mətbuatı dövlət qulluqçularının ixtisarı barədə heç bir bilgi vermir.
TƏQAÜD YEGANƏ GƏLİR MƏNBƏYİDİR
AzadlıqRadiosu-nun Türkmənistandakı həmsöhbətləri deyirlər ki, təqaüdçülərin kütləvi işdən çıxarılmasıyla minlərlə ailə qazanc yerini itirə bilər. Belə ki, gənclər arasında kütləvi işsizlik səbəbindən bir çox ailələrin maddi durumu birbaşa yaşlı nəslin gəlirlərindən asılıdır. Çox zaman təqaüdlər ailələrin yeganə gəlir mənbəyi olur.
2015-ci ilin məlumatlarına görə, Türkmənistan vətəndaşlarının təqaüd yaşı 62-dir. Ölkədə orta ömür həddi isə 61 yaşdır. Regionda ən aşağı təqaüdlər də Türkmənistandadır.
Təqaüdçülərin işdən çıxarılması kampaniyasına prezidentin ölkənin məşvərətçi orqanı olan Ağsaqqallar Şurasının rolunu gücləndirmək niyyətini bildirməsindən bir neçə gün sonra başlanılıb.
Dövlət başçısı bildirib ki, bu, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi çərçivəsində gerçəkləşdiriləcək.
DAHA YEDDİ İL
2016-cı ilin sentyabrında Daşoğuz vilayətində Ağsaqqallar Şurası iştirakçılarının təsdiqlədiyi yeni konstitusiyaya görə, fevralın 12-də üçüncü dəfə prezident seçilmiş Gurbanguly Berdymuhamedov daha yeddi il ərzində ölkəni idarə edəcək.
Berdymuhamedov prezidentlik səlahiyyətlərinə başlaması münasibətilə çıxışında deyib ki, Ağsaqqallar Şurasına parlamentin qəbul etdiyi qanunları təsdiqləmək səlahiyyəti veriləcək.
2006-cı ilin sonunda keçmiş prezident Saparmurad Niyazov-un ölümündən sonra Gurbanguly Berdymuhamedov-un hakimiyyətə gəlməsiylə ölkənin ali təmsilçilik orqanı olan Xalq şurası (Xalk maslahatı) ləğv edilmişdi. 1992-ci ildən 2008-ci ilədək mövcud olmuş bu qurumun üzvləri, əsasən, seçilirdi. Xalq Şurasının səlahiyyətləri qismən Ağsaqqallar Şurasına verilmişdi.
Ağsaqqallar Şurasının iclasları, ənənəvi olaraq, ildə bir dəfə keçirilir. İştirakçıları isə hər dəfə yerli hakimiyyət orqanları seçir. Rəsmi siyahılara görə, Ağsaqqallar Şurasının iclaslarına 600 ağsaqqal qatılır. Ölkənin 5 regionunun hər birini 100 nəfər təmsil edir. İclasa paytaxt Aşqabat şəhərindən də ayrıca 100 nəfər iştirakçı qatılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun