"Trump subaylar kimi tvitləyir"

"Trump subaylar kimi tvitləyir"
6 Mart 2017
Mətni dəyiş
"The İndependent" yazır ki, mükəmməl kompüter alqoritmi Trump-ın xətalı tvitlərini təhlil etdikdən sonra onun "subay adam kimi yaşadığını" müəyyənləşdirib.
Süni zəka sisteminə əsaslanan və sosial media hesabları əsasında adamların "vətəndaşlıq vəziyyətlərini" 86 faiz dəqiqliklə müəyyənləşdirdiyini iddia edən proqrama görə cənab Trump "evli deyilmiş".
Məqalədə deyilir ki, bu alqoritm proqramı Sankt Peterburqdakı İTMO Universitetinin və Sinqapur Milli Universitetinin alimləri tərəfindən yaradılıb.
Alimlər kompüteri insanların Tvitter, İnstagram və Foursquare kimi platformalardakı postları əsasında onların evli və ya subay olmasını aşkar etməyə təlimləndiriblər.
İnsanın vətəndaşlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə kompüter proqramı tvitlərin uzunluğu, tez-tez post edilən şəkillərin xarakteri kimi parametrləri təhlil edir.
Sözü gedən proqramı hazırlamış ekspertlər onu San Francisco-da keçirilən Süni Zəka Konfransında nümayiş etdiriblər.
Burada nümunə olaraq Barack Obama və Donald Trump-ın sosial media vərdişləri təhlil edilib.
Kompüter Obamanın evli olduğunu tam dəqiqliklə nümayiş etdirib, amma Trump, necə deyərlər təhlildən "subay çıxıb".
Proqramın müəllifləri deyiblər ki, buna səbəblərdən biri də Trump-ın subaylar kimi gecə tvitləməsi ola bilər. Onun köməkçiləri ertəsi gün bu postları redaktə edirlər.
"Biz hamımız bilirik ki, onun arvadı Melaniadır, - deyib Sankt Peterburq professoru Andrey Filçenkov, - Belə çıxır ki, bu halda biz Trump-ın yox, onun köməkçilərinin evli-subay olmasını təhlil etmiş oluruq…"
Məqalədə deyilir ki, eksperiment zamanı "insanın gələcək psixoloji portreti" yaradılır.
"Bir çox alimlər insanın vətəndaşlıq vəziyyətini onun psixoloji tipi ilə əlaqələndirirlər" - deyib proqramın müəlliflərindən Kseniya Buraya.
"The İndependent" yazır ki, bu yaxınlarda Trump kampaniyasının özünün müəyyən seçici çevrələrini hədəfləyən təkmil profilləmə texnologiyalarından istifadə edib.
Sürixdə çıxan Das Magazin məcmuəsi iddia edib ki, Trump kampaniyasının kirayələdiyi Cambridge Analytica şirkəti milyarderin komandasına hansı demoqrafik reginolardakı elektoratın hədəflənməli olduğunu dəqiq göstərib.
Cambridge Analytica şirkətinin başçısı Alexander Nix iftixar hissi ilə deyib ki, "biz Birləşmiş Ştatlarda hər bir vətəndaşı - bütün 220 milyonluq əhalini təhlıil etmişik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun