Rüstəm Behrudi: "Heykələ yazıb ki, bu gül bayramını istəmirəm, səhv deməyib ki"

Rüstəm Behrudi: "Heykələ yazıb ki, bu gül bayramını istəmirəm, səhv deməyib ki"
16 Mart 2017
Mətni dəyiş
“Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də...”
Bayramın gəlhagəl günlərində şair Rüstəm Behrudi AzadlıqRadiosu-nun suallarını cavablandırır. Öncə bayramlaşır, ardınca səhhətindən sözə başlayır:
– Əməliyyat olunmuşam. Üç aydır yataqdayam. Əziyyətdi də. İndi bağda işləmək vaxtıdır, bacarmıram. Balıq mövsümü gəlir, balığa gedə bilməyəcəyəm. Gedə bilmirəmsə, deməli, işlər yaxşı deyil. Bir ay da hələ buna dözməliyəm. Çox əziyyətli əməliyyat idi. Beyin əməliyyat idi, çox ağır keçdi. Nəsə, keçib gedəcək bunlar. Əsas odur ki, Azərbaycandakı bu durum keçib getsin, durum dəyişsin. Qalan şeylər düzələcək.
– Dəyişmə deyərkən, nəyi nəzərdə tutursunuz?
– Azərbaycanda adamların iqtisadi vəziyyəti çox acınacaqlıdır. Dünən bir qohumum danışır, marketə girib, bir qadının pulu yoxdur, ancaq nəsə almaq istəyir, başdan etmək üçün bir selofana 3 yumurta qoyublar ki, götür çıx get. Həmin qohum ona bazarlıq edib. Ürəyim ağrıdı, dedim ki, kömək etməsəydin, səni evə buraxmayacaqdım. Bir qadın mağazaya girib övladı üçün, yaxını üçün istədiyini ala bilmirsə... Azərbaycan nə boyda dövlətdir ki? Bu boyda var-dövlətin içində bunu bacarmırsa, deməli, Azərbaycan yaxşı durumda deyil.
– İlaxır çərşənbədə qapılara papaqlar, demək olar, atılmadı. Elə bil insanlar bir-birini utandırmaqdan çəkinirdilər...
– Bizim qapıya heç bir nəfər də papaq atan olmadı. Yəqin fikirləşdilər ki, şair xəstədir, ona görə gəlmədilər. Ancaq əvvəl çox gəlirdilər. Onu düz tutmusunuz, dünən heç kim gəlmədi.
– Bu durumda Rüstəm Behrudi necə şeir yaza bilir?
– İki-üç nəfər cavan uşağı tutublar. Onların işinə baxıram. Bu uşaqlar o cinayəti işləyiblərsə belə, məhkəmənin onlara bu qədər iş verməsi həm qanunsuzdur, həm də insafdankənar bir şeydir. Cavan bir uşağın ən gözəl illəri həbsxanada keçəcək, özü də heç bir cinayət törətmədən, qətl törətmədən, oğurluq etmədən. Bununla bağlı bir şeir də yazdım. Facebook-da paylaşmışdım. Adı “Qara kölgə”dir.
– Kimə həsr etmisiniz o şeiri?
– Biri cavan bloqqerdir. Bu adamları cəzalandırmağın başqa yolu var da. Amma bunu azadlıqdan məhrum etmək? Azadlıqdan ən qatı cinayətkarları məhrum edirlər. Qətl törətsə, namus üstündə... Bu adam neyləyib? İçindəki fikri açıq söyləyib. Buna görə adamı tutmazlar ki... 1988-ci ildə fevralın 19-da Bakıda yüz min tələbəni meydana təkbaşına mən aparmışam. İndi dostlarım mənə deyirlər ki, niyə susursan? Cavab verirəm ki, bu gün-sabah mənim 60 yaşım olacaq. Özü də mən bir də həbsxanaya düşsəm, ordan çıxmayacağam. Ürəyimdən əməliyyat olunmuşam, sonra beyin əməliyyatı keçirmişəm. Ancaq bu cür haqsızlıqların qabağında adam susa da bilmir. Mən həbsxanada təkadamlıq kamerada yatmışam. Onun bir gününün nəyə bərabər olduğunu yaxşı bilirəm. Məni ağrıdan da cavan uşaqları azadlıqdan məhrum etmələridir. Ağır bir şeydir. Onlar həbsxananı görməyiblər, axı. Mənim çox sevdiyim İsa peyğəmbərin bir sözü var: “Bir adam haqda mühakimə yürüdəndə özünü onun yerinə qoy. Verdiyin qərar ondan asılı olacaq”. İndi o adamlar həbsxananı görməyiblər, elə bilirlər gedib orda istirahət edəcəklər. Adi bir sözə görə birinə 2 il, birinə 5 il, o birinə 10 il iş verirlər. Düz deyil.
– Rüstəm bəy, beynəlxalq qurumlar da, hüquq müdafiəçiləri də Azərbaycanda fikir, ifadə azadlığına görə onlarla adamın həbs edildiyini bildirirlər. Məsələn, heykəl məhbusu kimi tanınan gənclər...
– Xəbərim var onlardan. O adamlar o heykəli yazıblarsa belə... Mərhum prezident Heydər Əliyev böyük adamdırsa, bu sözlər ona neyləyər, hə? Böyükdürsə, bu söz ona neyləyər? Onun üstündə bir adama 10 il iş vermək olar? Bir sözə görə, hə? Böyüklük o olardı ki, onu bağışlayasan! Vurub adam öldürüb ki, o qədər iş verirsən? Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də. Yəni o cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla o böyüklükdən düşdü? Yox.
– Siz xalq hərəkatına qatılanlardan olmusunuz...
– Birincisi olmuşam. Bunu indi demək qorxuludur. Amma boynuma alıram. İndi “mənəm-mənəm” deyən adamlar onda qorxub kabinetlərində oturmuşdular. Mən yüz mini meydana təkbaşına aparmışam. Ancaq artıq yaş da keçib, ikincisi ağrıyıram. Di gəl, içimdə etiraz qalır. Hər şeyə etiraz var artıq. O şeiri də həmin tutulan uşaqlara yazmışam. Özüm dəhşətli ağrı içindəyəm, başımı tərpədə bilmirəm. Bununla belə, o şeiri yazdım.
– Hərəkat başlananda hamı fərqli, zəngin, demokratik bir Azərbaycan qurulacağına ümid bəsləyirdi. Bəs nə baş verdi ki, arzuladığınız, uğrunda meydanlara çıxdığınızı dediyiniz Azərbaycan qurulmadı?
– Ovaxtkı gəncliyin düşüncəsi nəydi? Biz neft ölkəsiyik, öz əlimiz öz başımız olsa, firavan yaşayacağıq. O şeylər baş vermədi. Firavan ölkə qurulmadı. İnqilabı qara kütlə edir, hakimiyyətə də ona layiq olmayanlar gəlirlər. Belə oldu. Mən mətbuatdan, sizin radiodan eşidirəm ki, Azərbaycandan 100 milyard dollar pul çıxarılıb. Hara çıxarılıb, bəlli deyil. O pul Azərbaycana neçə il bəs edərdi? Sabir Rüstəmxanlı da müsahibəsində deyib ki, biz belə azadlıq gözləmirdik.
– Hər nə qədər şablon səslənsə də, buna görə özünüzü, hərəkat yoldaşlarınız günahkar sayırsınız?
– Bizim çox günahımız olub, kim nə deyir desin. Hakimiyyətin dəyişməsinə göz yumduq. Hamımız bir-birimizi satdıq. Əbülfəz bəyin silahdaşlarının əksəriyyəti ona xəyanət etdi. Bizim də çox günahlarımız oldu. O vaxt Elçibəy layiq olmayan adamları vəzifəyə qoydu. Meydan hərəkatındakı ləyaqətli adamlar qaldı qıraqda, hay-küyçülər, qaragüruh vəzifəyə gəldi... Amma fikirləşirəm, naümid baxmaq olmaz. Nazim Hikmətin gözəl şeiri var ki, biz gözəl günlər görəcəyik, dostlar. Görəcəyik. Mən yaşda adam da Azərbaycanın gələcəyinə ümidlə baxır. Azərbaycanın gələcəyi təkcə bu Azərbaycandan asılı deyil. Azadlıq hərəkatının mərkəzi nə qədər Təbrizə keçməyib, problemlər həll olunmayacaq.
– Sizcə, hələ də dar ağacına salam vermək istəyənlər var?
– Mən Türkiyədə əməliyyat olunanda, bu ölkədə yaşayan nə qədər azərbaycanlı gəldi yanıma, Mərənddən, Ərdəbildən gəldilər. Dar ağacına salam vermək istəyənlərin əksəriyyəti gəldi. Bu adamlar varsa, deməli, mübarizə də davam edir. Elə qurdağızlı uşaqlar var ki, mən mübarizədə onlara arxayınam. Ləyaqətsiz, harın zümrə də var, düzdür, ancaq ona qarşı dayanan, millətin taleyində müstəsna rol oynayacaq gənclik də var. Mən onu da görürəm. Bədgüman olmaq olmaz!
– Amma Azərbaycanın adı beynəlxalq qurumların hesabatlarında axırıncı yerlərdə qərarlaşır, ölkə beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur, nüfuzlu platformalardan çəkilir, qonşular burada baş verənləri “kötü örnək” kimi göstərir, bu yolun yanlış olduğunu söyləyərək, öz ölkələrində buna dirəniş göstərməyə çağırırlar...
– Ağa Məhəmməd şah Qacarla Vaqifin başına gələnləri bilirik. Sürətli qloballaşma, inteqrasiya dövründə hadisələr bir gecənin içində də dəyişə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun