Neftin qiyməti 50 dollardan aşağı düşüb

Neftin qiyməti 50 dollardan aşağı düşüb
10 Mart 2017
Mətni dəyiş
"The İndependent" yazır ki, neftin qiyməti ötən dekabrdan bəri ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.
Məqalədə deyilir ki, OPEC-in neftin qiymətlərini artırmaq və bununla da ABŞ neftinin hasilatını mənasız etmək niyyəti ilə hasilata ixtisar siyasəti özünü doğrultmayıb və qara qızılın qiyməti ötən bir il ərzində ən böyük ucuzlaşmasını yaşayıb.
New York birjasında bundan əvvəlki üç satışda dəyərinin 5, 7 faizini itirən neftin füçers qiyməti bir barrel üçün 49, 20 dollar olub.
ABŞ anbarlarında neftin həcmi 1982-ci ildən bəri rekord həddinə yülsələrək 8, 2 milyon barrelə çatıb.
ABŞ-ın şist nefti milyarderi Harold Hamm xəbərdarlıq edib ki, neft bazarı daha bir xərcləmə yarışına girərsə, şist sənayesi xammal bazarını "öldürə" bilər.
Qəzet yazır ki, OPEC karteli və başqa ölkələr neft qiymətlərini qaldırmaq məqsədilə hasilatı ötən yanvarın 1-dən ixtisar etmək qərarı qəbul edəndən bəri xammalın qiyməti bir barrel üçün 50 dolların üzərində var-gəl edirdi.
Bu ixtisardan məqsəd dünya neft anbarlarını bir qədər boşaltmaq və bununla da neft bolluğuna son qoymaqla neftin qiymətini sabit saxlamaq idi.
Lakin ABŞ-da şist neftinin hasilatı gözlənildiyindən artıq yüksəliş keçirir, hərçənd Goldman Sachs-ın fikrincə başqa yerlərdə neftə tələbat anbarların azalacağını göstərir.
Bununla belə, Lüksemburqdakı Banque Internationale firmasının Yaxın Şərq və Asiya strateqi Hans Goetti Bloomberg-ə bildirib ki, bir tərəfdən OPEC-in hasilatı azaltmaq barədə öhdəliklərinə sadiqliyi, amma digər tərəfdən ABŞ neft sənayesində hasilatın artımı görünür və bu, qiymətlərin enməsini şərtləndirir.
Amerika neftinin bir barrelinin qiyməti 49, 54 dollara düşüb. Bu, 2016-cı ilin fevralından bəri ən böyük enişdir.
Brent markasından olan neftin may ayı üçün qiyməti bir barrelə 1 dollar düşərək 52 dollar olub.
Ümumilikdə Brent neftinin qiyməti 2, 81 dollar azalaraq 53, 11 dollara enib.
Səudiyyə Ərəbistanın neft naziri Xalid əl-Falih deyib ki, dünya neft anbarlarında neftin azalması sürəti gözlənildiyindən azdır və belə gedərsə, OPEC-in hasilatı azaltmaq barədə razılaşmasının müddəti 6 aydan o yana uzadıla bilər.
ABŞ neftinin hasilatı artıq üçüncü həftədir ki, günə rekord 9, 09 milyon barrelə çatıb.
Bu rəqəmin gələn il günə 9, 73 milyon barrelə yüksələcəyi proqnozlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun