Natiq Cəfərli: FED-in qərarı Azərbaycana təsir edəcək

Natiq Cəfərli: FED-in qərarı Azərbaycana təsir edəcək
17 Mart 2017
Mətni dəyiş
Ekspertin fikrincə, Azərbaycanda bazar alətləri və institutları yoxdur, dövlət nəzarətli məmur "kapitalizmi" hökm sürür
"Əslində dolların ucuzlaşmasına sevinməliyik, amma təəssüf ki, səbəblər çox sadədir və qısa zamana hesablanıb".
İqtisadçı ekspert Natiq Cəfərli belə hesab edir.
İqtisadçı Facebook səhifəsində yazıb ki, dolların ucuzlaşmasının səbəbi Mərkəzi Bankın manat həcmini azaltmasıdır.
“Mərkəzi Bankın manat kütləsini azaltması iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir”, deyə iqtisadçı bildirir.
N.Cəfərlinin fikrincə, Novruz bayramında İrandan və Ərəb ölkələrindən 20-30 min turistin gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər.
“Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”, Cəfərli hesab edir.
Martın 14-dəki valyuta hərracı ilə bağlı ekspert qeyd edib ki, banklar ilkin çıxarılan 35 milyon dolları aşağı məzənnə ilə alıblar. Çünki banklarda dollar var, amma manat azdır.
“Nəticədə dolların məzənnəsi aşağı düşüb. Bu zaman Mərkəzi Bank təcili surətdə daha 20 milyon dollar hərraca çıxarıb və Azərbaycanın ən iri kommersiya banklarına həmin məbləği daha yüksək məzənnəyə almaq tapşırılıb. Nəticədə manatın orta məzənnəsi 1.7279 olub - və bütün bu prosesin adını da “üzən məzənnə” qoyublar”, deyə o bildirib.
İqtisdaçı yenə qeyd edib ki, manat o vaxt möhkəmlənə bilər ki, ölkədə daxili istehsal artsın, idxaldan asılılıq azalsın, ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlsin.
“Hələlik bu 3 amilin heç biri müşahidə olunmur”, Cəfərli bildirib.
Qeyd edək ki, dolların manata nisbətdə məzənnəsinin artması fevralda 1,92 manat səviyyəsində dayanıb. Fevral və martın ilk yarısında dolların məzənnəsi 1,92-dən 1,7279 manata düşüb.
AMB manatın məzənnəsinin möhkəmlənməsini valyuta hərrcalarının yeni mexanizmi, kommersiya və rəsmi məzənnə arasında marja həddinin ləğvi ilə bağlayır.
Ekspert həmçinin FED-in (Federal Ehtiyat Sistemi) uçot dərəcəsini artırmasının Azərbaycanda dolların möhkəmlənməsi üçün əsas yaradacağını düşünür.
“FED, gözlənilən kimi uçot dərəcəsini 0,25% artırdı, bunu maliyyə bazarları artıq öncədən həzm edib qiymətlərə daxil etmişdi. Əsas məsələ FED-in 2017-ci ildə 3 və ya 4 dəfə faiz artıracağı məsələsidir. Yellen 3 dəfə faiz artacağını söylədi, bu maliyyə bazarlarına pozitiv siqnal oldu, dollar, hətta azacıq ucuzlaşdı”, Cəfərli qeyd edib.
Ekspertin fikrincə, 2017-ci ilin sonunadək uçot dərəcəsi 1,5% artacaq.
“2016-nın dekabırında 0,50% idi, deməli bu il 1% artım olacaq, daha doğrusu yaxın 2 ildə uçot dərəcəsini FED 3%-ə qədər artıracaq. Deməli, dünən gecə birjaların qısamüddətli və emosional reaksiyası qalıcı və dayanıqlı deyil”.
Cəfərli düşünür ki, FED-in qərarları Azərbaycana birbaşa və tez zamanada təsir etmir.
“Çünki Azərbaycanda primitiv resurs modelidir, bazar alətləri və institutları yoxdur, dövlət nəzarətli məmur "kapitalizmi" hökm sürür. Yəni, qiymətli kağızlar bazarı, birja yoxdur”.
Onun fikrincə, ölkəyə FED-in dolayı təsiri var və olacaq.
“1) Dünyada dollar bahalaşanda bizdə də bu proses gedecək; 2) Baha dollar ucuz əmtəə deməkdir ki, neftin bahalaşması xəyalı da bu qərarla puça çıxacaq - deməli manata basqılar artacaq, dollar bizdə daha da bahalaşacaq”, ekspert facebook səhifəsində yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun