Mobil operatorların gəlirləri arasında fərq

Mobil operatorların gəlirləri arasında fərq
14 Mart 2017
Mətni dəyiş
Ölkənin ən iri mobil rabitə operatorunun – “Azercell Telekom” MMC-nin 2016-cı ildə əməliyyat gəlirləri 4,4 faiz azalıb, xərcləri 21,7 faiz artıb. Bununla belə, şirkət əvvəlki illərdə olduğu kimi, yenə də yüksək mənfəət götürə bilib.
Maliyyə hesabatına görə, Azercell müştərilərinə ötən il 392 milyon manatlıq xidmət göstərib. Bankda saxladığı depozit şirkətə 2 milyon 275 min manat gəlir gətirib. Bundan başqa, manatın məzənnəsinin dəyişməsi sayəsində şirkətin xarici valyutada saxladığı depozit hesabına 44 milyon manata yaxın təmiz gəlir götürülüb.
Son bir ildə mobil şəbəkənin inkişafına 52,3 milyon manat – bir il öncəkindən 18 milyon manat az sərmayə qoyulub.
İkiqat mənfəət vergisi
Nəticədə, şirkətin illik mənfəəti 134,7 milyon manat olub. Maraqlıdır ki, Azercell 53,3 milyon manat mənfəət vergisi ödəyib. Bu, qazanılan mənfəətin 39,5 faizidir. Halbuki mənfəət vergisi 20 faiz dərəcəsilə hesablanır. Bir il öncə şirkət 64,6 milyon manat (20,2 faiz) mənfəət vergisi ödəmişdi.
Səhmdarlar mənfəətə toxunmayıblar Hesabata görə, şirkətin səhmdarlarının qazancı bir ildə 3 dəfə azalaraq, 81,4 milyon manata düşüb. Əvvəlki ildən fərqli olaraq, keçən il səhmdarlara divident ödəmək haqda qərar qəbul olunmayıb. Bunun nəticəsində şirkətin qazandığı 806 milyon manat hələ də bölüşdürülməmiş qalır.
Biri açıqlayır, o biri yox
“Azercell Telekom” MMC illik maliyyə hesabatını öz təşəbbüsü ilə açıqlamır. Bunu Nazirlər Kabinetinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən, mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı»nın təsdiqlənməsi barədə qərarı tələb edir. 2014-cü ilin oktyabrında qəbul edilmiş bu qərara görə, 27 dövlət və özəl kommersiya qurumu illik maliyyə hesabatını açıqlamağa borcludur. Onların arasında Azercell Telekom MMC ilə yanaşı, digər iri mobil rabitə operatoru – Bakcell MMC də var. Bu şirkətdə illik maliyyə hesabatını açıqlamaqdan yayınmağın səbəbi haqda AzadlıqRadiosu-nun sualına cavab verməyblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun