Misirdə 2-ci Ramzesin nəhəng heykəli tapılıb

Misirdə 2-ci Ramzesin nəhəng heykəli tapılıb
10 Mart 2017
Mətni dəyiş
"The Guardian" xəbər verir ki, Misir və Almaniyadan olan arxeoloqlar Qahirədə 3000 il bundan əvvəl hökmranlıq etmiş firon 2-ci Ramzesin 8 metrlik heykəlini aşkar etdiklərini bildiriblər.
Nəhəng heykəlin iri fraqmentləri Misir paytaxtının biyabanlıq ərazilərindən birində qrunt sularının içindən tapılıb.
Misirin Antik Dövr Nazirliyi bu tapıntını alqışlayıb və bildirib ki, bu 2-ci Ramzesin dağılmış məbədi yaxınlığında aşkar olunmuş ən qiymətli tarix incisidir.
Qədim Dövr Nazirliyi bildirib ki, 2-ci Ramzesə aid edilən azman heykəl qiymətli kvarsit daşından yonulub.
Misir fironlarının 19-cu sülaləsindən olan və həm də Böyük Ramzes və ya Ozimandias kimi tanınan 2-ci Ramzes eramızdan əvvəl 1279-1213-cü illər arsında 66 fironluq edib.
2-ci Ramzes Misir imperiyasını şimalda Suriyaya, cənubda Nubiyaya qədər genişləndirmiş bir sıra böyük hərbi yürüşlər edib . Onun xələfləri 2-ci Ramzesi "Böyük əcdad" adlandırırdılar.
Məşhur ingilis şair Percy Bysshe Shelley özünün 1818-ci il tarixli Ozymandias sonetində - "Ey Qadir mənə bax, utan" misrasını yazmışdı. Deyilənlərə görə şair bu misranı Britaniya Muzeyinin elə o vaxtlar 2-ci Ramzesin eramızdan əvvəl 13-cü əsrdən qalma heykəlinin fraqmentini Misirdən gətirməsindən ilhamlanaraq qələmə almışdı.
Ölkənin mədəniyyət rəsmiləri bildirilər ki, 8 metrlik heykəlin torpağın aşağı qatlarından çıxarılması prosesinə başlanıb.
"The Guardian" yazır ki, Misir-Almaniya birgə arxeoloji qrupunun alimləri bundan başqa firon 2-ci Setinin, qum daşından yonulmuş və onun özü boyda heykəlinin yuxarı hissəsini aşkar ediblər.
Arxeoloqlar deyirlər ki, Heliopolisdəki Günəş məbədini 2-ci Ramzes tikdirib və onlar bu səbəbdən heykəlin də ona aid oluğunu düşünürlər.
Bu məbəd Misirdə ən böyük məbədlərdən sayılırdı və hətta Luksordakı Karnak məbədindən iki dəfə böyük idi. Məbəd Roma-yunan zəmanəsində dağıdılıb.
Məqalədə deyilir ki, məbədin əksər obeliskləri İskəndəriyyə və ya Avropaya aparılıb, qalan daşlar isə oğurlanaraq tikinti materialı kimi istifadə olunub.
Ekspertlər hər iki heykəli torpaqdan çıxardıqdan sonra onların bərpası işlərinə başlayacaqlar.
Əgər alimlər buna müvəffəq olsalar və heykəlin 2-ci Ramzesə aid olduğu təsdiqini tapsa, onda heykəli Gizadakı Böyük Misir Sərgisinin girişində yerləşdirəcəklər.
Xəbər verilir ki, heykəl Qahirənin əsasən işçilər yaşayan Matariya ərazisində, yarımıq tikintilərin arasında aşkar olunub.
Almaniya ekspediyasının rəhbəri Dietrich Raue deyib ki, qədim misirlilər Günəş allahının Heliopolisdə yaşadığına inanırdılar.
Misirlilər düşünürdülər ki, Günəş allahı dünyanı Matariyada yaradıb.
"The Guardian" yazır ki, bu arxeoloji tapıntının Misir üçün misilsiz iqtisadi-siyasi əhəmiyyəti ola bilər.
Bu ölkədə 2011-ci ildə kütləvi etirazlar nəticəsində prezident Mübarək devriləndən sonra Misirin əsas valyuta gətirən sahəsi - turizm bir xeyli tənəzzülə uğrayıb.
Ölkəyə gələn turistlərin sayı 2010-cu ildən bəri 14, 7 milyon nəfərdən 9, 8 milyon nəfərə düşüb.
Ümid edilir ki, bu böyük tapıntı itirilmiş turistlərin bir hissəsini Misirə qaytaracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun