Merkel: "Nasist atmacaları qəbuledilməzdir"

Merkel: "Nasist atmacaları qəbuledilməzdir"
9 Mart 2017
Mətni dəyiş
Türkiyə prezidenti və rəsmilər tərəfindən "Nasist üsulları"nın tətbiqi barədə bəyanatlar qeyri-məqbuldur və onlara son qoyulmalıdır, cümə axşamı günü Almaniya kansleri Angela Merkel ölkə parlamentinə müraciətində bildirib.
Həftə sonu bir neçə Almaniya bələdiyyəsi Türkiyə rəsmilərinin iştirakı ilə Türkiyədə keçiriləcək referendumla bağlı yürülşlərə icazə verməyib. Bunun ardınca Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniyanı "nasist üsullarının" tətbiqində ittiham edib.
Türkiyə, ölkədən kənarda yaşayan çoxsaylı vətəndaşlarının referendumda iştirakını hədəfdə tutub. Buraya təbii ki, Almaniyada yaşayan 1.4 milyon Türkiyə vətəndaşları da daxildir.
"Bir tərəfdən Avropa və Türkiyənin çox sayda ümumi maraqları var. Digər tərəfdən isə Avropa İttifaqı ilə Türkiyə və Almaniya ilə Türkiyə arasında fərqli mövqelərin dərinləşməsini hiss edirik", - Angela Merkel deyib.
"Bu müqayisələr Almaniyada nasist dönəmində yaşananların əhəmiyyətsiz olduğunu göstərir".
Bundan əvvəl Türkiyəni Almaniyanın xarici işlər naziri Sigmar Gabriel qınayıb.
Türkiyəli həmkarı ilə görüşdə Almaniya xarici işlər naziri, Nasist Almaniyası ilə müqayisəni "keçilməsi lazım olmayan sərhədlərdir" adlandırıb.
Lakin, Sigmar Gabriel "dost münasibətlərinin" bərpasını istədiyini də xüsusi vurğulayıb.
Prezident Recep Tayyip Erdoğan, türkiyəli nazirlərin iştirakı ilə baş tutmalı olan yürüşlərin təxirə salınmasına görə Almaniyanı, "Nasist üsullarından" faydalanmaqda ittiham edib.
Xarici İşlər naziri Mevlut Çavuşoğlu da Hamburg-da "nasist" müqayisəsini təkrarlayıb.
Bayraqlar
Türkiyə xarici işlər naziri (yuxarıdan ortada), alman hakim orqanlarının razılaşdırılmış yürüşə qadağa qoyduqdan sonra, Hamburg-da yerləşən Türkiyə konsulluğu binasından kütlələrə müraciət edir
Almaniya kansleri Angela Merkel, "nasist" atmacalarını "qəbuledilməz" adlandırıb və Cənab Gabriel Cənab Çavuşoğlu ilə Berlindəki görüşündən sonra hisslərini dilə gətirib.
"Türkiyə tərəfi qarşılıqlı hörmətlə davranılmaq istədiyini dedi, lakin, mən inanıram ki, məsuliyyət hər iki tərəfin üzərinə düşür və keçilməsi lazım olmayan sərhədlər var ki, Nasist Almaniyası ilə müqayisə də onlardan biridir," - Cənab Gabriel deyib.
Lakin, Cənab Gabriel iki dövlət arasındakı əlaqələrin "uğurunu" qeyd etməyə meylli olduğunu vurğulayıb.
Niyə Türkiyə "nasist" iddiasını irəli sürüb?
Türkiyə, ölkədən kənarda yaşayan çoxsaylı vətəndaşlarının referendumda iştirakını hədəfdə tutub. Lakin, alman rəsmi qurumları Gaggenau, Cologne və Frenchen-də razılaşdırılmış yürüşləri təxirə salıb.
Cənab Erdoğan bunu demokratiyaya zidd adlandırıb və münasibəti nasistlərlə müqayisə edib. Almaniya tərəfi isə cavab olaraq təkidlə qərarın şəhər bələdiyyələrinə aid olduğunu bildirib və səbəbi təhlükəsizlik qayğıları ilə bağlayıb.
Daha sonra, çərşənbə axşamı günü Cənab Çavuşoğlu, alman hakim orqanlarını Almaniyada yaşayan türk vətəndaşlarına qarşı "sistematik təzyiqdə" ittiham edərək deyib ki, Berlin insanlardan referendumda "yox" cavabı xeyrinə müsahibə alır.
O, Almaniyanı Türkiyəyə "demokratiya və insan haqları dərsi" verməməyə çağırıb.
O, Hamburg-da yerləşən və yürüşün planlaşdırıldığı Türkiyə konsulluğunun binasının balkonundan insanlara səslənib.
Niyə münasibətlər bu qədər pisləşib?
Münasibətlər keçən iyul ayında Türkiyədə baş tutan çevriliş cəhdindən sonra pozulub. Almaniya geniş miqyaslı həbslər və işdən çıxarılmalarla bağlı tənqidi münasibət göstərib.
Eyni zamanda Türkiyə, çevriliş cəhdinin təşkil edən şübhəlilərin Almaniyadan ekstradisiyası çağırışlarına rədd cavabı aldığı üçün, ölkəni dəstək olmamaqda ittiham edib.
Başqa bir mübahisəli mövzu, çərşənbə günü səhər baş tutan görüşdə vurğulanıb. Cənab Gabriel-ə istinadən bu, Die Welt jurnalının əməkdaşı alman-türk jurnalist Deniz Yücel ilə bağlıdır. O, terror təbliğatında şübhəli bilinərək saxlanılıb.
Cənab Çavuşoğlu, Almaniya konsulluğunun müxbir ilə əlaqə qurması haqqında razılıq verib, cənab Gabriel deyib.
Bəs Türkiyənin Avropanın qalan ölkələri ilə münasibəti? Bir çox hallarda stabil deyil.
Hollandiya və Avstriya hökumətləri də Türkiyə dövlətinin Aİ ölkələrində yaşayan Türkiyə vətəndaşları üçün referendum seçki kampaniyasına tənqidlə yanaşıb.
Bir çox Avropa dövlətləri, çevriliş cəhdi ilə bağlı Türkiyənin davranışları haqqında narahatçılıqlarını və ölkənin prezident Erdoğanın hakimiyyəti altında avtoritar rejimə doğru meyllənməsini bilidirblər.
Türkiyə, miqrantların Aİ-ə keçməsinin qarşısının alınmasında əsas rolu oynayır, lakin, vətəndaşları üçün vizasız səyahət və Aİ-ə üzvlük müzakirələrinin sürətləndirmədiyi təqdirdə İttifaqı sərhəd qapılarını açacağı ilə hədələyib.
Eyni zamanda, hər iki ölkənin Aİ ilə münasibətlərinin soyuqlaşdığı bir məqamda Türkiyə ilə Rusiya arasında yaxınlaşma yaşanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun