Mayın 31-də Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

Mayın 31-də Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
28 Mart 2017
Mətni dəyiş
Bu ilin mayın 31-dən iyunun 3-dək "Baku Expo Center"də Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – XXIV Beynəlxalq Xəzər neft və qaz sərgisi (“Caspian Oil&Gas-2017”) keçiriləcək.
“Report”un məlumaınta görə, bu il sərgidə Almaniya, Çin, Gürcüstan, İran, Niderland, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcək. Şirkətlər neft-qaz hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyalar, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcək. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək.
“Sərginin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. “Caspian Oil&Gas” layihəsinə Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də dəstək göstərilir”, - deyə məlumatda qeyd olunub.
Tədbirin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsoru qismində BP şirkəti, gümüş sponsorları qismində isə “Azeri MI”, “Baku Steel Company”, "AZFEN", “Caspian Drilling Company Ltd.”, “Caspian Marine Services” (CMS), “Global Energy Azerbaijan”, “RussNeft”, “SOCAR Polymer”, “TEKFEN Construction”, "SIMONE" və digərləri çıxış edir.
Sərgi çərçivəsində 1-2 iyun tarixində “JW Marriott Absheron Baku” hotelində ənənəvi Beynəlxalq Xəzər neft və qaz konfransı (“Caspian Oil&Gas Conference”) keçiriləcək. Konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər mövzular müzakirə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun