Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
6 Mart 2017
Mətni dəyiş
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib. Lakin siyasi baxışlarına görə burada da çox qala bilməyib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.
Bundan sonra Türkiyəyə üz tutan Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildə isə Bakıya geri qayıdıb.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib və Almaniyaya gedib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdaraq Ankarada yerləşib.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.
Hazırda Türkiyə paytaxtında M.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə bir küçə "28 mayıs" adlandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun