İŞİD Londondadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Londondadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
23 Mart 2017
Mətni dəyiş
Özünü İslam Dövləti adlandıran qruplaşma iddia edir ki, çərşənbə günü Londonda baş verən hücumu "İslam Dövlətinin əsgəri" həyata keçirib.
Çərşənbə günü Londonda baş verən hücumdan sonra dünya liderləri Böyük Britaniyaya dəstək bildirirlər.
Parlament binası yaxınlığında avtomobillə adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirən hücumçunun özü polis atəşilə öldürülmüşdü.
Silahlı insident vaxtı xəsarət alanlar arasında 3 fransalı məktəbli və iki Rumıniya vətəndaşı var.
Ötən il avtomobil hücumuna məruz qalan Fransa və Almaniya liderləri Britaniyaya dəstək bildiriblər.
ABŞ prezidenti Britaniya təhlükəsizlik qüvvələrini tərifləyərək itkilərə bağlı baş sağlığını bildirib.
"Belçika terrora qarşı mübarizədə Britaniyanın yanındadır", - Belçikanın baş naziri Charles Michel öz Twitterində yazıb.
Baş sağlığını Rusiya, Türkiyə və Kanada hökumətləri də bildirib.
Çərşənbə günü hadisə ilə bağlı Parisdəki Eyfel qülləsinin işıqları söndürülüb.
Həbslər
Hücumdan sonra həyata keçirilmiş polis reydləri nəticəsində 8 nəfər saxlanılıb, polis bildirir.
Çərşənbə günü Parlament binası yaxınlığında hücumçu idarə etdiyi avtomobillə səkidəki adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirib. Hücum edən şəxs hadisə yerində hüquq-mühafizəçilərin atəşilə öldürülüb.
Son məlumata görə, silahlı insidentdə 40 yaşlı qadın və 50 yaşlı kişi həyatını itirib. Polis onların adlarını açıqlamır.
Britaniya parlamentində hücumdan sonra təcili yardım xidmətlərinin tədbirləri
Həlak olan polis zabiti 48 yaşlı Keith Palmer-dir. O, 15 il ərzində polis orqanlarında xidmət edib.
Xəsarət almış 29 adama tibbi yardım göstərilib. Onlardan 7 nəfərin vəziyyəti kritik sayılır.
Scotland Yard Metropoliten polisinin terrorçuluqla mübarizə bölməsinin rəhbəri ötən gecə ərzində həyata keçirilən əməliyyatda yüzlərlə polis əməkdaşının iştirak etdiyini bildirib.
Mark Rowley 6 ünvanda axtarışların aparıldığını qeyd edib.
O, Birmingham, London və "ölkənin digər hissələrində araşdırmaların davam etdirildiyini" bildirib.
Çərşənbə günü baş verən hücumdan sonra parlament ətrafındakı ərazi polis nəzarəti altındadır.
Mark Rowley hücum edən şəxsin təkbaşına hərəkət etdiyi qənaətində olduğunu deyib.
"Əminliklə deyə bilərik ki, hazırkı mərhələdə ictimaiyyətə əlavə hədələrin olduğu barədə konkret məlumata malik deyilik".
Daha əvvəl Westminster körpüsündə avtomobilin insanlar üzərinə sürülməsi nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.
Lakin Scotland Yard polis qərargahının qarşısında çıxış edən Mark Rowley iki nəfərin öldüyünü qeyd edib.
Polis hadisəni terror aktı kimi qiymətləndirir.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun