İntihar edən gənc yazarın cibində 85 qəpik olub [Reportaj-fotolar]

İntihar edən gənc yazarın cibində 85 qəpik olub  [Reportaj-fotolar]
16 Mart 2017
Mətni dəyiş
Bu gün gənc yazıçı Mövlud Mövlud intihar edib. Hadisə martın 16-da gecə saat 2 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib. Lent.az-in müxbiri Ayxan Ayvaz hadisə yerində olub və reportaj hazırlayıb. 
Gecə saatlarında baş verən bu dəhşətli hadisəni ilk görən 23 yaşlı gənc mühafizəçi olub. Mövluddan beş yaş balaca müfahizəçi. Binaların həyətində gəzindiyi yerdə qəfil tappıltı eşidib, partlayış zənn edib. Yaxınlaşınca yerə çırpılan insan olduğunu görüb və baxıb ki, keçinib. Qorxuya düşüb, nə etmək lazım olduğunu bilməyib. Gəncdir, bəlkə də həyatında ilk dəfə ölüm görüb.
Yaxınlıqda fəhlə işləyən daha yaşlı fəhləyə zəng edib, o gəlincə binadan adamlar tökülüşüb, haray-həşir qopub, sonra kimsə polisə zəng edib. Mövludun meyidini Təcili yardım maşınına qoyub aparıblar.
Mühafizəçi deyir, binadan atlamadan öncə əynindəki gödəkçəni çıxarıb, eyvana qoyub.
Səhər meyitin yanından 85 qəpik pul, alışqan, bir də qaldığı evin açarını götürüblər. Gözətçi köşkünə qoyublar ki, polisə lazım olar. Mövluddan qalan son əşyalar...
Telefonu sınmayıbmış. Elə qohumlarını da onun vasitəsi ilə tapıblar.
Evi özünü atdığı 17-ci mərtəbəyə yaxındır. Hər gün işlədiyi “Teleqraf” saytına da da piyada gedirmiş. İş yoldaşının dediyinə görə, sonuncu gün hamı ilə deyib-gülürmüş. Mövludun heç vaxt ciddiliyinə inanmayıbmış jurnalist dostu.
Kirayə qaldığı evin qapısına baxdım. Ağappaq bir qapı, üstündə ürək şəkli... Kağızlardan kəsilib hazırlanmış ürək şəkli...
İş yoldaşı deyir, bu evə 300 manat kirayə pulu verirmiş. Son vaxtlar ailəsində problemlər varmış, ancaq bunu açıb-ağartmırmış, həmişə deyib-gülən, zarafatcıl xasiyyətini qoruyurmuş. Özünü öldürəcəyinə heç bir iş yoldaşı inanmırmış...
İntihar olan həyətə gəldik. Hündür mərtəbəli binaya bir də baxdım, başım gicəlləndi. Mövlud özünü burdan necə atıb? Necə ürəyi gəlib? İnanın, hansısa biriniz həmin bu yüksək mərtəbədən özünü atmağı düşünsə, Mövlud gülə-gülə onu lağa qoyar, bu fikirdən daşındırmağa çalışardı.
Sonuncu dəfə yazıçı Şərif Ağayarla internetdə yazışıb, Kəramət Böyükçöllə telefonda danışıblarmış. Görüşmək üçün vədələşsələr də, alınmayıb.
İş yerində ölü bir sükut vardı. Hamının üzündə hadisənin şoku donmuşdu. Mövludun masasını göstərdilər. Tənha, o biri iş yoldaşlarından kənarda bir masa... Vəsiqəsi kompüterin yanındaydı. İçilmiş bir “Coca-Cola” şüşəsi durudu iş masasında. Bir azdan bu masaya Mövludun görə bilməyəcəyi bir əşyanı da əlavə elədilər: gül gətirib qoydular!
Təzədən hadisə yerinə qayıtdıq. Mövludun düşdüyü yeri yumuşdular, yaş asfalta baxanda tüküm ürpərdi. Diqqətlə baxanda topa-topa qan ləkələri gözə dəyirdi.
Mövludun həyatının son dayanacağı idi bu yaş asfalt. Sonra bu yaş asfalt quruyacaq, onun üstündən uşaqlar deyə-gülə keçəcəkdilər. Eynən Mövludun deyib-güldüyü kimi...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun