İnformasiya müharibəsində ABŞ-ın Rusiya və Çinə uduzmasının səbəbləri

İnformasiya müharibəsində ABŞ-ın Rusiya və Çinə uduzmasının səbəbləri
19 Mart 2017
Mətni dəyiş
Amerika Birləşmiş Ştatları (ABŞ) eyni vaxtda bir neçə cəbhədə informasiya müharibəsi aparmaq məcburiyyətindədir. Lakin ekspertlərin fikrincə, o bu müharibədə vəsait və resurs çatışmazlığı, eləcə də düşmənə daha böyük zərər vurmaqdan ehtiyatlanması səbəbindən bir çox hallarda məğlubiyyətlə üzləşir.
"Ola bilsin, bizim yaxşı taktikamız var. Amma effektiv strategiya qurmasaq, məğlubiyyət qaçılmazdır".
London Kral Kollecinin eksperti Matthew Armstrong ABŞ Konqresindəki dinləmələrdə belə deyib. Bu barədə “Amerikanın Səsi” yazır.
ABŞ Silahlı Qüvvələr Komitəsinin yeni çağırışlar üzrə altkomitəsinin sədri Elise Stefanik isə bildirib ki, Rusiya, Çin və İranın, habelə radikal terrorçu təşkilatların antiamerika fəaliyyətləri təkcə kiberməkandakı hücumlarla məhdudlaşmır.
"Biz bunu uzun müddət hiss etməsək də, fakt budur ki, ideyaların qarşıdurması əvvəlkitək davam edir. Doğrudur, bu qarşıdurmada istifadə olunan təbliğat vasitələri dəyişib. Ancaq doktrina əvvəlki doktrina olaraq qalır. Ərazilər, resurslar və insanların ağlı uğrunda informasiya müharibəsi gedir", – deyə Elise Stefanik bildirib.
[caption id="attachment_28665" align="alignnone" width="650"] Boris Nemsovu anım aksiyasında, Moskva, 26 fevral 2017[/caption]
"İnformasiya müharibəsi", yoxsa "siyasi" və ya "hibrid" döyüş?
Matthew Armstrong isə hesab edir ki, "informasiya müharibəsi" termini bu gün baş verənləri tam əhatə etmir. Hazırkı qarşıdurmanı "siyasi" və ya "hibrid" döyüş adlandırmaq daha doğru olar. Onun fikrincə, müxtəlif orqanlar arasında koordinasiyanın gərəkən səviyyədə olmaması və izafi bürokratiya ucbatından ABŞ-ın cavab tədbirləri cox vaxt effektiv olmur.
Beynəlxalq hərbi problemlərin araşdırılması departamentinin analitiki Timothy Thomas-ın sözlərinə görə, Amerikanın "informasiya düşmənləri"nin strateji məqsədi NATO və Avropa Birliyi üzvləri arasında etimadı sarsıtmaqdır. Onların arsenalı isə amerikalıların düşündüyündən fərqli olaraq, təkcə “Russia Today” telekanalından və Sputnik agentliyindən ibarət deyil:
"Düşmən hakerlərdən və kompüter botlarından (proqramlarından) yararlanaraq kiber-infrastrukturumuza hücum edir. Hətta Qərb mediasından belə öz məqsədləri üçün faydalanırlar".
Bununla belə, ekspertlər bir məsələdə həmfikirdirlər ki, rus telekanalları və informasiya agentlikləri çinli həmkarlarından fərqli olaraq, bəsit taktikalara, ucuz metodlara əl atırlar.
CCTV Pekinin mövqeyini təbliğ edir, Russia Today qara yaxır
[caption id="attachment_28664" align="alignnone" width="650"] Rusiyanın 'Russia Today' kanalı[/caption]
"Məsələn, Çinin dövlət televiziyası olan CCTV rəsmi Pekinin mövqeyini təbliğ etdiyi halda, “Russia Today”, sadəcə, qarayaxma ilə məşğul olur. Onlar efirə saxta ekspertlər dəvət edir. Saxta xəbərlər yayımlayır və beləliklə, saxta reallıq formalaşdırırlar".
Bunu deyən Timothy Thomas əlavə edir ki, ABŞ-da son prezident seçkilərindən sonra siyasi mühitdə yaranmış kəskin qütbləşmə rusların bu, ilk baxışda sadə görünən taktikasını yetərincə səmərəli edir.
Dövlət Departamentinin Qlobal fəaliyyətlər Mərkəzinin sabiq koordinatoru, hazırda "Neptune" konsaltinq şirkətinin əməkdaşı Michael Lumpkin hesab edir ki, ABŞ-ın əsas problemi qətiyyətli addımdan çəkinməsindədir:
"Biz Rusiya və Çinin beynəlxalq media orqanlarının ABŞ-da fəaliyyətinə icazə versək də, Rusiya bizim KİV-in yayımını qadağan edir. Biz qarşılılıq prinsipinin mövcudluğunu unutmamalıyıq. Bəzən simmetrik cavab tədbirlərindən daha sərtini seçməkdən belə qorxmamalıyıq".
Ekspertlər ehtiyatlanırlar ki, ABŞ-ın yeni administrasiyasının Dövlət Departamentinin və digər beynəlxalq proqramların büdcəsinin ixtisarıyla bağlı elan etdiyi tədbirlər Birləşmiş Ştatların beynəlxalq nüfuzuna sağalmaz zərbə vura bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun